Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Azərbaycanda 237,8 milyon manat məbləğində ipoteka krediti verilib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon manat və ya 3,8% azdır.
Hesabat dövründə İKZF tərəfindən yenidən maliyyələşdirilən kreditlərin həcmi də azalıb. Belə ki, yenidən maliyyələşdirilən kreditlərin məbləği 53,7 milyon manat və ya 20,8% azalaraq 204,1 milyon manata düşüb.
Bu ilin yanvar-iyul aylarında İKZF istiqraz emissiyası vasitəsilə 300 milyon manat vəsait cəlb edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 milyon manat və ya 18,9% azdır.
Bununla yanaşı, Fondun dövlət büdcəsindən aldığı vəsaitin həcmi artıb. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən 63,9 milyon manat vəsait ayrılıb ki, bu da illik müqayisədə 16 milyon manat və ya 33,4% çoxdur.
Kredit aktivliyinin artımı fonunda AMB ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını da yeniləyib. AMB sədri Taleh Kazımov sonuncu mətbuat konfransında bildirib ki, 2026-cı ildə iqtisadi artımın 0,5 faiz, 2027-ci ildə isə 2,6 faiz təşkil edəcəyi gözlənilir.
"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.
O əlavə edib ki, hazırda Mərkəzi Bankın monetar siyasət kursunu dəyişməsini zəruri edən əsas yoxdur. "Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə AMB sədri bildirib.
