Bakı. Trend
Fizioterapiya müasir tibbdə xəstəliklərin müalicəsi ilə yanaşı, reabilitasiya və profilaktika prosesində də mühüm rol oynayan istiqamətlərdən biridir. Müxtəlif fiziki amillərdən istifadə etməklə orqanizmin funksional imkanlarının bərpasına, ağrı və digər narahatlıqların azalmasına, hərəkət qabiliyyətinin yaxşılaşdırılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Fizioterapevtik üsullar müxtəlif yaş qruplarında və fərqli xəstəliklər zamanı tətbiq oluna bilər. Lakin fizioterapiya prosedurlarının seçilməsi və tətbiqi fərdi yanaşma, xəstənin ümumi vəziyyətinin, əsas və yanaşı xəstəliklərinin nəzərə alınmasını tələb edir. Xüsusilə əməliyyatlardan sonrakı bərpa dövründə, yaşlı insanlarda və hərəkətsiz həyat tərzi keçirən şəxslərdə düzgün planlaşdırılmış fizioterapiya və fiziki aktivlik xüsusi əhəmiyyət daşıyır.
Fizioterapiyanın məqsədləri, müxtəlif xəstəliklərdə tətbiq imkanları, yaşlı insanlarda fiziki aktivliyin əhəmiyyəti, əməliyyatdan sonra reabilitasiyaya nə zaman başlanılması və fizioterapiya seansları zamanı diqqət edilməli məqamlarla bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadənin fikirlərini təqdim edirik.
– Fizioterapiyanın məqsədi nədir?
– Fizioterapiya – tibbin bir sahəsi olub, təbii və süni
(preformalaşdırılmış) fiziki amillərin orqanizmə təsirini öyrənən
elmdir. Orqanizmin mühafizə funksiyalarının artırılması və
immunobioloji sistemlərin tənzimlənməsi məqsədilə tətbiq olunur və
müalicəvi, həm də profilaktik istiqamətdə geniş istifadə
edilir.
Fizioterapiya təbii və süni müalicəvi amillərin orqanizmə təsiri
nəticəsində yaranan dəyişiklikləri öyrənən elm sahəsidir. Müxtəlif
fiziki amillərin orqanizmə təsirini fotobiologiya,
elektromaqnitobiologiya, bioklimatologiya və ekologiya kimi elmlər
araşdırır. Fizioterapiyanın bir qolu olan kurortologiya isə kurort
amillərini və onların müalicəvi təsirini öyrənir.
– Fizioterapiya hansı xəstəliklərdə istifadə olunur?
– Müasir fizioterapiyanın tətbiq sahələri çox genişdir. Bu gün
təbabətin elə bir sahəsi yoxdur ki, orada fizioterapevtik üsullar
istifadə edilməsin. Əvvəllər fizioterapiya yalnız xroniki
xəstəliklərdə tətbiq olunurdusa, hazırda müalicə, reabilitasiya,
profilaktika, həm də diaqnostika məqsədilə geniş istifadə edilir.
Müalicəvi məqsədlə yarımkəskin və xroniki gedişatlı bir çox
terapevtik, nevroloji, pediatrik, kardioloji və pulmonoloji
xəstəliklərdə bu fiziki amillərdən faydalanırıq. Son illərin
inkişafı sayəsində artıq bəzi xəstəliklərin kəskin mərhələsində,
hətta onkoloji pasiyentlərdə də seçici yanaşma əsasında xüsusi
bərpa proqramları tətbiq edə bilirik.
Lakin burada bir məqam var: hər xəstəyə müalicə təyin etmək xüsusi
dəqiqlik tələb edir. Pasiyentlərə fizioprosedurlar yalnız müəyyən
müayinələrdən sonra təyin olunmalıdır. Məsələn, ultrabənövşəyi
şüalar biodozimetriyadan, elektrostimulyasiya
elektrodiaqnostikadan, içməli mineral sular isə mədənin turşuluq
səviyyəsi öyrənildikdən sonra verilir.
– Fizioterapiya hansı yaş qruplarında tətbiq olunur?
– Fizioterapiyada qızıl qaydalardan biri fərdi yanaşmadır.
Xəstənin cinsi, yaşı, orqanizminin həssaslığı, əsas və yanaşı
xəstəlikləri nəzərə alınır. Xüsusilə yaş amili çox vacibdir.
İstifadə edəcəyimiz metodun intensivliyi, dozası və müddəti yaşa
görə dəyişir. Məsələn, qalvanizasiya və elektroforez hətta ilk 1-2
aylıq körpələrə də tətbiq oluna bilər, ultrasəs 2-3 yaşdan sonra,
induktotermiya isə 5 yaşından sonra məsləhət görülür. Beləliklə,
prosedurları körpənin ilk günlərindən başlayaraq yaşlı insanlara
qədər hər kəsə fərdi proqramla tətbiq etmək mümkündür. Bu zaman
mütləq sinir və ürək-damar sisteminin vəziyyəti nəzərə alınır.
Fizioterapiyanın effektivliyi xəstənin bioritmindən də çox
asılıdır. Müayinələr göstərir ki, simpatik sinir sistemi üstünlük
təşkil edən xəstələrdə müalicəyə cavab reaksiyası səhər
saatlarında, parasimpatik sistem üstün olanlarda isə günün ikinci
yarısında daha yaxşı ola bilər.
– Yaşlılarda fiziki aktivliyin rolu nədir?
– Yaşlı insanlarda fiziki aktivlik gün rejiminə uyğun şəkildə
planlaşdırılmalıdır. Açıq havada piyada gəzintilər, yüngül idman və
dozalanmış məşqlər çox faydalıdır. Əsas məqsəd ürək-damar və
tənəffüs sisteminin funksiyasını yaxşılaşdırmaq, oynaqları və
əzələləri tonusda saxlamaqdır. Bu zaman xəstəliklər nəzərə alınmalı
və fiziki aktivlik həkim nəzarəti ilə dozalanmalıdır. Araşdırmalar
da göstərir ki, fiziki aktiv olan insanlarda ürəyin işemik
xəstəliyinə daha az rast gəlinir.
Bundan əlavə, fiziki aktivliyin psixoloji təsiri də var. Müntəzəm
hərəkət edən insanlarda əhval-ruhiyyə yaxşılaşır, stress və
gərginlik azalır, yuxu düzəlir. Gündəlik həyatdakı sadə vərdişlər
belə böyük fərq yaradır. Məsələn, imkan varsa, liftdən istifadə
etməyib pilləkənlə qalxmaq orqanizmə faydalıdır. Ən vacibi isə odur
ki, fiziki aktivlik yaşlı insan üçün müvəqqəti müalicə deyil, bir
həyat tərzi olmalıdır.
– Cərrahiyyə əməliyyatından neçə gün sonra fizioterapiyaya
başlanılmalıdır?
– Bu müddət hər xəstədə fərqli olur. Çünki əməliyyatın növü,
həcmi, xəstənin damar və sinir sisteminin vəziyyəti fərqli ola
bilər. Əsas məqsədimiz xəstəni tez bir zamanda ayağa qaldırmaq,
əmək qabiliyyətini bərpa etməkdir. Bu səbəbdən müalicəvi bədən
tərbiyəsi, fizioterapiya, hətta psixoloji dəstək əməliyyatdan
sonrakı bərpa mərhələsində mütləq yer almalıdır.
Adətən artıq əməliyyatın ikinci günündən müalicəvi bədən
tərbiyəsinə, xüsusən də tənəffüs məşqlərinə başlayırıq. Bu ilk
mərhələ təxminən 7-10 gün davam edir və ehtiyac olarsa, inhalyasiya
və aeroterapiya ilə də dəstəklənir. 7-10 gün keçdikdən sonra
məşqlərlə yanaşı yüngül masaj, lazer və maqnitoterapiya qoşula
bilər. Üçüncü həftədən, yəni 20-21-ci günlərdən etibarən isə
elektromaqnit sahəsi, elektroforez kimi prosedur növlərinə keçirik.
Bir-iki aydan sonra isə artıq 4 kameralı vannalar və
elektrostimulyasiya kimi daha dərin bərpaedici prosedurları təyin
edə bilirik.
– Hərəkətsiz həyat tərzinin qarşısını almaq üçün nə tövsiyə
edərdiniz?
– Hərəkət, düzgün qidalanma və aktiv idman doğrudan da həyat keyfiyyəti göstəricilərinə təsir edir. Hərəkətsiz qaldıqda isə insanın həm emosional vəziyyəti, həm də ürək-damar və endokrin sistemi bundan əziyyət çəkir. Buna görə də gündəlik həyatımızda açıq hava gəzintilərinə, su prosedurlarına və müalicəvi idmana mütləq yer ayırmalıyıq. Eyni zamanda qidalanmaya diqqət etmək – menyunu təkcə bir növ yeməklə məhdudlaşdırmayıb, vitamin və minerallarla zəngin meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Əlbəttə ki, il ərzində vaxtaşırı terapevt, kardioloq və endokrinoloq müayinəsindən keçməyi unutmamalıyıq.
– Fizioterapiya seansından sonra nələrə diqqət edilməlidir?
– Pasiyentlər bu seansları kurs şəklində qəbul edirlər. Burada
əsas şərt həkimin təyin etdiyi ardıcıllığa dəqiqliklə riayət
etməkdir. Prosedurdan sonra hansısa narahatlıq, ürəkdöyünmə,
hərarətin qalxması, tətbiq olunan nahiyədə qızartı, şişkinlik və ya
ağrı hiss olunarsa, gözləmədən dərhal həkimə məlumat
verilməlidir.
Çox vaxt xəstələrimiz fizioterapiyanı çox rahat keçirirlər. Bu
prosedurlar sinir sistemini tənzimləyir, qan dövranını və
dayaq-hərəkət aparatını yaxşılaşdırır. Allergik və ya toksik
təsirinin olmaması, orqanizmə kompleks təsiri pasiyentlərin davamlı
müalicəsində öz effektini göstərir.
Xəstəliyin gedişatından asılı olaraq seanslar hər gün, günaşırı və
ya həftədə iki dəfə təyin edilir. Burada əsas məqam odur ki,
müalicə ərəfəsində seanslar arasında uzun fasilələr vermək
olmaz.
Sonda onu da qeyd edim ki, müalicə kursu bitdikdən sonra təkrar
fizioterapiyaya ehtiyac olarsa, palçıq müalicəsinə 5-6 ay,
balneoloji müalicəyə 4 ay, elektroterapiyaya isə 2-3 aydan sonra
yenidən müraciət etmək olar.
