Bakı. Trend:
Hizbullah hərəkatının rəhbəri Naim Qasım Livan və İsrail arasında əldə edilmiş çərçivə sazişini yenidən rədd etdiyini bildirib. O, İsrail ordusu ilə iki müharibə nəticəsində zəifləmiş təşkilatının təslim olmaqdan imtina etdiyini vurğulayıb.
"Biz çərçivə sazişinin əleyhinəyik və onun qüvvədən düşürülməsinə çağırırıq", – deyə o axşam saatlarında Hizbullaha məxsus “Əl-Manar” telekanalı ilə yayımlanan çıxışında bildirib.
ABŞ-nin vasitəçiliyi ilə iyunun 26-da əldə olunan saziş Livan ordusunun ölkənin cənubunda hakimiyyətini bərpa etməsini nəzərdə tutur. Bunun şərti Hizbullahın tərksilah edilməsidir və proses İsrail ordusunun geri çəkiləcəyi "pilot zonalardan" başlamalıdır.
"Çərçivə sazişi qeyri-legitim, qanunsuz və alçaldıcıdır. O, Livanın suverenliyinə xələl gətirir və hüquqların bərpasına imkan vermir", – deyə Qasım təkid edib.
"Biz nə pilot zonaları, nə də onların nəticəsində ortaya çıxanları qəbul edirik", – deyə o əlavə edib və rəhbərlik etdiyi hərəkatın sazişin icrasına nəzarət etməli olan "yoxlama komissiyasını qəbul etmədiyini" vurğulayıb.
Avqustun əvvəlində Romada keçirilən son danışıqlar zamanı Livan və İsrail Livan ordusunun yerləşdirilməsini, eləcə də Hizbullahın silahlarının və infrastrukturunun sökülməsini yoxlayacaq komissiyada iştirak edə biləcək ölkələri müzakirə ediblər. Livan ordusunun yerləşdirilməsi artıq "pilot zonalarda" başlayıb. Bu barədə Livan prezidentliyindən olan mənbə məlumat verib.
Danışıqların yeni raundunun sentyabr ayında keçirilməsi nəzərdə tutulur, lakin dəqiq tarix hələ müəyyən edilməyib.
