Bakı. Trend:
İslandiya parlamentindəki üç müxalifət partiyasından ikisi seçicilər referendumda Brüssel ilə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpa edilməsinin lehinə səs verəcəyi təqdirdə, Aİ-yə üzvlüklə bağlı mümkün olan ən yaxşı razılaşmanın əldə olunması üçün hökumətlə birgə işləməyə hazır olduqlarını bildiriblər.
Bu barədə İslandiya parlamentinin ikinci vitse-spikeri İnqvar Toroddsson “İzvestiya”ya açıqlamasında bildirib.
Aİ-yə üzvlüklə bağlı danışıqların bərpa olunmasına dair referendum İslandiyada avqustun 29-da keçiriləcək.
“Üç müxalifət partiyasından ikisi də “bəli” cavabı qalib gəldiyi təqdirdə, üzvlüklə bağlı mümkün olan ən yaxşı razılaşmaya nail olmaq üçün hökumətlə işləyəcəklərini bəyan edib. Bu, yaxşı xəbərdir, çünki bu, parlamentdə böyük əksəriyyətin referendumun nəticəsinə hörmətlə yanaşacağı anlamına gəlir”, – deyə o qeyd edib.
İslandiya Aİ-yə üzvlük üçün ərizəni hələ 2009-cu ildə maliyyə böhranı zamanı təqdim edib. 2013-cü ildə İslandiya hökuməti inteqrasiyanın 33 mərhələsindən 11-ni başa çatdırsa da, iqtisadiyyatın sabitləşməsi ilə əlaqədar üzvlüklə bağlı danışıqları dayandırıb. 2015-ci ildə Reykyavik Brüsseldən ölkəni Aİ-yə üzvlüyə namizəd kimi nəzərə almamasını xahiş edib.
