Bakı. Trend:
ABŞ-nin Mayami şəhərindəki "Nu Stedium" stadionunda yerli "İnter Mayami" 2026-cı il mövsümünün MLS çempionatı çərçivəsində "Klub de Fut Monreal"ı qəbul edib.
Qarşılaşma Florida təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 20-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Kazemiro MLS karyerasındakı ilk qolunu vurub. 17 dəqiqə sonra qonaqların almaniyalı yarımmüdafiəçisi Fabian Gerbers isveçrəli Noy Ştraytın ötürməsindən sonra hesabı bərabərləşdirib. Fasiləyə qədər 40-cı dəqiqədə ulduz argentinalı Lionel Messi komandasını yenidən önə çıxarıb.
İkinci hissədə hücumçu daha üç qol vurub. Onun qollarından birinə Luis Suares, digərinə isə Rodriqo De Paul assist edib. Uruqvaylı futbolçu özü də fərqlənib, lakin bu dəfə Messinin ötürməsindən sonra. Qarşılaşmada daha bir qolu əvəzetmədən sonra meydana çıxan amerikalı yarımmüdafiəçi Aleksandr Şou vurub.
"İnter Mayami" MLS-də dörd oyunluq qələbəsizlik seriyasına son qoyub və Şərq Konfransında ikinci pillədə qərarlaşıb. Komandanın 22 oyundan sonra 42 xalı var. Monreal təmsilçisi isə Şərq Konfransında sonuncudan əvvəlki, 14-cü yerdədir və hesabında 21 xal var.
