Bakı. Trend:
Qırğızıstan üçün coğrafi mövqeyindən yalnız tranzit amili kimi deyil, həm də Çin, Mərkəzi Asiya və daha sonra cənub və qərb istiqamətləri arasında yeni istehsal və logistika zəncirlərinin formalaşdırılması üçün əsas kimi istifadə etmək vacibdir.
Bu barədə “Ala-Too” Beynəlxalq Universitetinin (Bişkek, Qırğızıstan) professoru Kubanıçbek Taabaldıyev Trend-ə açıqlamasında bildirib.
“Qırğızıstan üçün coğrafi mövqeyindən təkcə tranzit amili kimi deyil, həm də Çin, Mərkəzi Asiya və daha sonra cənub və qərb istiqamətləri arasında yeni istehsal və logistika zəncirlərinin yaradılması üçün baza kimi yararlanmaq mühümdür. Qırğızıstan ilk növbədə mövcud iqtisadi inkişaf tempini qorumaqda, hətta onu daha da sürətləndirməkdə maraqlıdır. Son dörd ildə ölkənin ÜDM-i 2,5 dəfə artıb. Regionun heç bir ölkəsində indiyədək belə artım qeydə alınmayıb. Bu artımın əsas səbəbi nədir? Xarici investisiyalar. Bundan başqa, nəqliyyat, ticarət, energetika, tikinti və təhlükəsizlik kimi sahələri də qeyd etmək olar.
Nəqliyyat sektoru ölkə hakimiyyətinin xüsusi nəzarətindədir. 2024-cü ilin sonunda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanması Qırğızıstanın nəqliyyat baxımından dalana dirənmiş vəziyyətdən çıxması istiqamətində mühüm addım oldu”, – deyə o bildirib.
Onun sözlərinə görə, energetika, rəqəmsallaşma, eləcə də iqlim və fövqəladə vəziyyətlərlə bağlı çağırışlara birgə cavab verilməsi də az əhəmiyyət daşımır.
“Ölkənin çaylarında yeni iri su elektrik stansiyalarının tikintisi sürətlə davam etdirilir. Artıq elektrik enerjisinə ehtiyacı olan şirkətlərin sayının artması fonunda enerji güclərinə ciddi tələbat yarandığından, kiçik güclü atom elektrik stansiyalarının tikintisi ilə bağlı “Rosatom”la danışıqlar aparılır və şərtlər müzakirə olunur. Bununla yanaşı, humanitar əməkdaşlıq ŞƏT ölkələrinin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsində mühüm vasitə olaraq qalır”, – deyə o qeyd edib.
Professor əlavə edib ki, Qırğızıstan çoxvektorlu xarici siyasət yürüdür və ŞƏT ölkəyə bu siyasəti həyata keçirmək üçün imkan yaradır. Bu da Bişkekin yalnız bir güc mərkəzindən asılı vəziyyətə düşməsinin qarşısını alır.
“Bişkek eyni platforma çərçivəsində Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq edir. Bu isə diplomatik manevr imkanlarını genişləndirir. Eyni zamanda, ŞƏT-də iştirak ikitərəfli diplomatiyanı əvəz etmir, əksinə, onun inkişafı üçün əlavə kanallar yaradır. Qırğızıstan kimi ölkə üçün bu xüsusilə vacibdir. Kollektiv əməkdaşlıq formatları ölkənin diplomatik çəkisini və beynəlxalq görünürlüğünü əhəmiyyətli dərəcədə artırmağa imkan verir”, – deyə Taabaldıyev əlavə edib.
K. Taabaldıyev vurğulayıb ki, sammitlər kimi böyük siyasi proseslər başa çatdıqdan sonra əsas diqqət tədbirin hansı nəticələrlə yekunlaşmasına, hansı sənədlərin qəbul və imza edilməsinə yönəlir.
“Əsas məsələ onların real layihələrə çevrilib-çevrilməyəcəyidir. Qırğızıstan üçün bu, ilk növbədə nəqliyyat, ticarət, energetika, investisiyalar və rəqəmsal bağlantıdır. Yəni ölkənin konkret iqtisadi fayda əldə edə biləcəyi istiqamətlərdir.
ŞƏT-in əsas liderlərindən biri olan Çinin qonşusu kimi Qırğızıstan Pekinlə münasibətlərdə müəyyən güzəştlərə ümid etmək hüququna malikdir. Belə nümunələr artıq mövcuddur. Məsələn, Pekinin Qırğızıstan vətəndaşlarına Çində 240 saat müddətinə vizasız qalmaq imkanı yaratması çox şeydən xəbər verir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə də Pekin xüsusi önəm verir. Məhz buna görə layihənin maliyyələşdirilməsi Çin tərəfinin tam dəstəyi ilə və digər iştirakçılar üçün minimum maliyyə yükü ilə həyata keçirilir. Belə nümunələrin sayı getdikcə artır.
Qırğızıstan üçün öz coğrafi mövqeyindən yararlanmaq və Çinlə Mərkəzi Asiya arasında, region vasitəsilə isə Şərqlə Qərb arasında daha mühüm əlaqələndirici həlqəyə çevrilmək vacibdir. Əgər Bişkek ŞƏT-də sədrliyinin başa çatmasından sonra da bu dinamikanı qoruyub saxlaya bilsə, hazırkı sammit Qırğızıstan üçün son nöqtə deyil, regional əməkdaşlığın yeni mərhələsinə keçid platforması ola bilər”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.
ŞƏT-in 26-cı yubiley sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşün əsas gündəliyində təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət məsələləri yer alacaq.
Sammitin yekunları üzrə liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafına dair bir sıra sənədləri nəzərdən keçirəcəyi gözlənilir. Bu sənədlər sırasında milli valyutalarla hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması ilə bağlı təşəbbüslərin də olması gözlənilir.
