Bakı. Trend:
Donald Tramp ABŞ-də NASA-nın və kosmik qüvvələrin gələcək əməkdaşlarını hazırlamaq məqsədilə milli akademiyanın yaradılması haqqında fərman imzalayıb.
"Mən yeni milli akademiyanın yaradılması prosesinə start verən fərman imzalayacağam. O, ABŞ Kosmik Akademiyası (US Space Academy) adlanacaq", – deyə Tramp fərmanı imzalamazdan əvvəl NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində keçirilən medal təqdimetmə mərasimində bildirib.
"Bu, çox mühüm bir məsələdir. Onun vəzifəsi ölkəmizin təklif edə biləcəyi ən istedadlı şəxsləri cəlb etmək, onları hazırlamaq və məzun etmək olacaq", – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, bu qurum NASA-ya, eləcə də özəl kosmik sənayeyə və Birləşmiş Ştatların Kosmik Qüvvələrinə xidmət edəcək. Kosmik Qüvvələr Trampın ilk prezidentlik dövründə yaratdığı ABŞ Silahlı Qüvvələrinin altıncı qoludur. Bununla belə, akademiyanın harada yerləşəcəyi hələ müəyyən edilməyib.
Bu fərman kosmosun ABŞ ilə Çin arasında hərbi və texnoloji sahələrdə strateji rəqabətdə artıq mərkəzi yer tutduğu bir vaxtda imzalanıb.
Tramp administrasiyası açıq şəkildə Pekinlə «ikinci kosmik yarışa» başladığını bildirir. Rəqib olan iki dövlət 2030-cu ilədək Aya insan göndərməyi və orada baza qurmağı qarşılarına məqsəd qoyublar.
