Bişkekdə ŞƏT sammiti yeni iqtisadi və infrastruktur layihələrinə start verə bilər – Kubanıçbek Taabaldıyev (ÖZƏL)

Siyasət Materials 31 Avqust 2026 08:00 (UTC +04:00)
Bişkekdə ŞƏT sammiti yeni iqtisadi və infrastruktur layihələrinə start verə bilər – Kubanıçbek Taabaldıyev (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

ŞƏT-in Bişkekdə keçiriləcək sammitindən əsas gözlənti siyasi bəyanatlardan mümkün qədər tez konkret iqtisadi və infrastruktur layihələrinə keçidin təmin edilməsidir.

Bunu Beynəlxalq «Ala-Too» Universitetinin (Bişkek, Qırğızıstan) professoru Kubanıçbek Taabaldıyev Trend-ə açıqlamasında deyib.

«Mənim fikrimcə, budəfəki ŞƏT sammiti digər görüşlərdən onunla fərqlənir ki, iştirakçılar burada konyunktur maraqlara görə deyil, ilk növbədə ümumi vəzifə və niyyətlərlə birləşən, onların həyata keçirilməsinə birgə töhfə verməyə hazır olan ölkələr kimi toplaşırlar. Üstəlik, bunu könüllü və şüurlu şəkildə edirlər, çünki əsas prioritet münasibətlərdə sabitliyin qorunması, əlaqələrin genişləndirilməsi və müasir çağırışlara birgə qarşıdurmadır. Məhz buna görə hesab edirəm ki, əsas gözlənti siyasi bəyanatlardan mümkün qədər tez konkret iqtisadi və infrastruktur layihələrinə keçməkdir», – deyə o qeyd edib.

Onun sözlərinə görə, Qırğızıstan üçün tranzit potensialını gücləndirə, ticarəti genişləndirə və investisiyalar cəlb edə biləcək qərarlar xüsusilə əhəmiyyətlidir. Bununla yanaşı, artan geosiyasi gərginlik şəraitində sammit regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün də mühüm platforma olacaq.

«Nəhayət, ŞƏT liderlərinin görüşünün Bişkekdə keçirilməsi faktının özü Qırğızıstanın regional diplomatiyanın fəal iştirakçısı kimi beynəlxalq imicini gücləndirmək üçün ciddi imkandır. ŞƏT-in 25 illik fəaliyyəti ərzində Qırğızıstan üçüncü dəfə təşkilatın sammitinə ev sahibliyi edir və bu sammitdə təşkilata üzv dövlətlərin bütün başçıları bir araya gələcək. Bundan başqa, Türkiyə və digər ölkələr də daxil olmaqla, digər dövlətlərin nümayəndələri də iştirak edəcəklər. Qırğızıstan ŞƏT-in altı təsisçi ölkəsindən biridir və hazırda regional əməkdaşlığın gündəliyini formalaşdırmağa qadir dövlət kimi özünü getdikcə daha çox göstərir», – professor bildirib.

Kubanıçbek Taabaldıyev qeyd edib ki, təşkilatda sədrliyi həyata keçirdiyi il ərzində Bişkek həm özünün, həm də regional prioritetlərini daha fəal şəkildə irəli sürmək imkanı əldə edib.

«Bunlara nəqliyyat əlaqələndirilməsi, iqtisadi əməkdaşlıq, rəqəmsallaşma, təhlükəsizlik və dayanıqlı inkişaf kimi istiqamətlər daxildir. Mənim fikrimcə, digər mühüm məqam Qırğızıstanın əsas görüşləri öz ərazisində keçirmək və Avrasiyanın ən böyük dövlətlərinin liderləri ilə birbaşa işləmək imkanı əldə etməsidir. Bu, ölkənin diplomatik subyektliyini gücləndirir və milli maraqların təşviqi üçün əlavə imkanlar yaradır», – deyə o yekunlaşdırıb.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.

ŞƏT-in yubiley 26-cı sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.

Sammitin yekununda liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədləri, o cümlədən milli valyutalarda hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması təşəbbüslərini nəzərdən keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti