Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ və Venesuelanın neft sazişi üzrə razılığa gəldiyini bildirib.
“Amerika Birləşmiş Ştatları indicə Venesuela ilə dünya tarixində ən böyük neft sazişi ilə bağlı razılaşma əldə edib!” – deyə Tramp Truth Social platformasındakı paylaşımında yazıb.
Trampın sözlərinə görə, ABŞ özəl bizneslə tərəfdaşlıq çərçivəsində Venesueladakı təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard barreldən çoxuna “Amerika vergi ödəyicisinə heç bir xərc yaratmadan ABŞ-nin əsas nəzarətini” əldə edib.
Tramp iddia edib ki, bu saziş “ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artıracaq, neft tədarükümüzü əhəmiyyətli dərəcədə yüksəldəcək və uzun illər ərzində bütün amerikalılar üçün benzin qiymətlərini nəzərəçarpacaq dərəcədə aşağı salacaq”.
ABŞ-də neft qiymətləri fevralın sonunda İranla münaqişənin başlamasından sonra kəskin artıb və bu da inflyasiya ilə bağlı narahatlıqları gücləndirib.
Venesuela dünyada təsdiqlənmiş ən böyük neft ehtiyatlarına malik ölkədir.
