Bakı. Trend:
Avqustun 29-dan 30-na keçən gecə Sürix yaxınlığında İsveçrənin şimalındakı Aarau şəhərinin hippodromunda keçirilən əyləncə gecəsində atışma nəticəsində ən azı bir nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə İsveçrə polisi məlumat verib.
Məlumatda hadisəni törədənlərin hələ də axtarıldığı qeyd olunub.
Yerli mətbuatın məlumatına görə, Aarau hippodromunda təxminən 3500 nəfəri bir araya gətirən illik texno tədbiri - "Aarauer Rave"in kənarında atəş açılıb.
Arqau kantonunun polisi "X" sosial şəbəkəsində bildirib: "İlkin araşdırmalara görə, bu gecə Aarau şəhərinin Şaxen ərazisində açılan atəş nəticəsində bir nəfər - 22 yaşlı qadın ölüb, beş nəfər - dörd kişi və bir qadın yaralanıb, onların bəzilərinin vəziyyəti ağırdır. Hazırda naməlum olan şəxslərin müəyyən edilərək tapılması istiqamətində axtarışlar davam edir".
Şahidlər bildiriblər ki, saat 02:30 radələrində əyləncə gecəsi davam edərkən atəş açılıb və əvvəlcə bunun atəşfəşanlıq olduğunu düşünən çoxsaylı insanlar daha sonra yaxınlıqdakı idman zalına sığınıblar.
Mətbuatın məlumatına görə, çoxsaylı polis əməkdaşları, xilasedicilər və tibbi yardım qrupları ilə yanaşı, Arqau kantonunun paytaxtına ordunun Super Puma helikopteri də cəlb olunub. Polis həmçinin video və ya foto görüntülərə malik olan bütün şəxslərdən bunları özünün "İnstaqram" hesabına göndərmələrini xahiş edib.