Bakı. Trend:
NASA ABŞ-nin cənub-şərqində, Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən Roman kosmik teleskopunu orbitə buraxıb.
Teleskop kosmosun analoqu olmayan xəritəsini yaratmaq üçün nəzərdə tutulub.
Dəyəri 4 milyard dolları ötən bu cihazın hazırlanmasına on ildən çox vaxt sərf olunub. Teleskop NASA-nın digər məşhur teleskopunun — "Hubble"ın "anası" ləqəbi ilə tanınan amerikalı astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb.
Hubble, xüsusilə, kainatımızın düşündüyümüzdən daha sürətlə genişləndiyini öyrənməyə kömək edib. Görüş sahəsi Hubble-dan 100 dəfədən çox geniş olan "Roman Kosmik Teleskopu" isə Yer kürəsindən 1,5 milyon kilometr məsafədə yerləşən əlverişli mövqedən səmanın geniş ərazilərini müşahidə edəcək.
NASA bu yeni teleskop vasitəsilə, xüsusilə, kosmosun ən böyük sirlərindən birini — Kainatın təxminən 95 faizini təşkil etdiyi hesab edilən qaranlıq maddə və qaranlıq enerjini araşdırmaq istəyir. "Roman" həmçinin minlərlə ekzoplanetin və on minlərlə fövqəlnovanın — yəni ömrünün son mərhələsində olan kütləvi ulduzların aşkar edilməsinə imkan verməlidir.
İnfraqırmızı görüntüləmə imkanları sayəsində teleskop milyardlarla il əvvəl göy cisimləri tərəfindən yayılan işığı müşahidə edə və beləliklə, onları daha yaxşı anlamaq üçün zamanın dərinliklərinə nəzər sala biləcək.
"Bu, indiyədək yaradılmış ən böyük astronomik obyektlər kataloqu olacaq və Günəş sistemimizə bənzər sistemlərin nə dərəcədə geniş yayıldığını anlamağımıza kömək edəcək", — teleskopun texniki rəhbəri Deyv Kontent vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə günü NASA-nın binasında keçirilən mərasimdə NASA-nın yeni nəsil teleskopunun "kainatın sirlərini açmağa" imkan verəcəyini bildirib.

