Bakı. Trend:
Qviyenanın Forakaria prefekturasında yerləşən Allassoyah yarımprefekturasında odun yığan gənclər tərəfindən kütləvi məzarlıqda əlləri bağlanmış və gözləri sarğı ilə örtülmüş vəziyyətdə altı kişi meyiti aşkarlanıb.
İki təşkilat – "Tournons la page-Guinee" və siyasi partiyalar, həmkarlar ittifaqları və QHT-lərdən ibarət Konstitusiyanın Müdafiəsi Milli Cəbhəsi (FNDC) işin bütün təfərrüatlarının üzə çıxarılmasını tələb edib.
FNDC-nin vəkilləri bildiriblər ki, altı meyitin aşkarlanması "hazırda təsdiqlənməsə də, rejimin opponentləri hesab edilən şəxslərin məhkəmədənkənar edam edilməsi ilə bağlı ola bilər".
Öz növbəsində Fransa aşkarlanmış kütləvi məzarlıqla bağlı Qvineya məhkəmə orqanları tərəfindən müstəqil və şəffaf araşdırma aparılmasını tələb edib.
"Fransa avqustun 24-də Qvineyanın Forekaria prefekturasında kütləvi məzarlıqda altı meyitin aşkarlanmasından sonra dərin sarsıntı keçirdiyini bildirir. Fransa Qvineya məhkəmə orqanları tərəfindən başlanmış araşdırmanın tam müstəqillik və tam şəffaflıq şəraitində aparılmasına çağırır", – deyə Fransa Xarici İşlər Nazirliyinin sözçüsünün müavini bildirib.
"Tournons la page-Guinee" təşkilatı 2021-ci ilin sentyabrında hərbi xuntanın hakimiyyətə gəlməsindən sonra "sədaqətsizlikdə şübhəli bilinən mülki şəxslərin və dövlət əməkdaşlarının məhkəmədənkənar edamları ilə bağlı çoxsaylı məlumatları sənədləşdirdiyini" bildirir və Forekariada aşkarlanan meyitlərin "bu silsilənin bir hissəsi" ola biləcəyini ehtimal edir.
Xuntanın rəhbəri polkovnik Mamadi Dumbuya daha sonra general rütbəsinə yüksəldilib və 2025-ci ilin dekabrında prezident seçilib.
Ölkədə son illərdə bir sıra siyasi partiyaların fəaliyyəti dayandırılıb, nümayişlər 2022-ci ildən qadağan edilib, müxalifətin və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri həbs edilib, məhkum olunub və ya ölkəni tərk etməyə məcbur ediliblər.