Tramp Kanadadakı şirkətləri bizneslərini ABŞ-yə köçürməyə çağırıb

Dünya xəbərləri Materials 31 Avqust 2026 03:58 (UTC +04:00)
Tramp Kanadadakı şirkətləri bizneslərini ABŞ-yə köçürməyə çağırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda fəaliyyət göstərən Kanada şirkətlərinə yeni gömrük rüsumlarından yayınmaq üçün bizneslərini tamamilə ABŞ-yə köçürməyi təklif edib.

Bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.

Amerika lideri ABŞ-də fəaliyyət göstərən bütün Kanada şirkətlərini ölkəyə köçməyə çağırıb. Onun sözlərinə görə, bu şirkətlərin bir qismi illər əvvəl ABŞ rəhbərliyinin “səhv siyasəti” səbəbindən ölkəni tərk edib. Tramp bildirib ki, şirkətlər ABŞ-yə qayıtdıqları halda onlara əlavə rüsum tətbiq edilməyəcək.

Tramp eyni zamanda Kanada ilə mövcud ticarət-iqtisadi münasibətlərin ABŞ-nin maraqlarına uyğun olmadığını bildirib.

O, Kanadanı ABŞ-dən uzun illər ərzində “faydalanmaqda” ittiham edib və Kanada istehsalı olan avtomobillərə, ehtiyat hissələrinə və digər məhsullara ABŞ-nin ehtiyac duymadığını qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Kanada hakimiyyəti ölkəyə ABŞ-nin ştatlarından biri kimi yanaşılmasını istəyir.

Bundan əvvəl ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Ottavanın ABŞ üçün sərfəli olan ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlayıb. Bunun ardınca avqustun 22-dən Kanadadan idxal olunan məhsulların bəzi kateqoriyalarına 50 faizlik ABŞ rüsumları tətbiq olunmağa başlayıb.

Kanadanın Baş naziri Mark Karni də Ottavanın Vaşinqtonla ticarət danışıqlarını dayandırdığını və buna cavab olaraq rüsumlar tətbiq etməyə hazırlaşdığını təsdiqləyib. O, ABŞ ilə Kanada arasında Vaşinqtonun təşəbbüsü ilə “ticarət müharibəsi”nin başladığını bildirib.

Daha sonra Tramp 2027-ci il yanvarın 1-dən etibarən Kanada istehsalı olan avtomobillərə, avtomobil ehtiyat hissələrinə və polada 50 faizlik rüsum tətbiq etmək planlarını açıqlayıb. O, Kanadanın xüsusi ticarət münasibətlərindən istifadə edərək uzun illər ərzində ABŞ-dən “faydalandığını” iddia edib.

Tramp həmçinin Kanada hökumətinin nümayəndələrini “klounlar” adlandırıb və ticarət məsələləri ilə bağlı fikir ayrılıqlarının daha da dərinləşəcəyi təqdirdə Ottavanı ciddi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdar edib.

Xəbər lenti

Xəbər lenti