Satmaq öhdəliyi ilə kirayə mənzil alan ailələrin sayı 10 mini keçib

Cəmiyyət Materials 28 Avqust 2026 16:05 (UTC +04:00)
Satmaq öhdəliyi ilə kirayə mənzil alan ailələrin sayı 10 mini keçib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

"28 avqust 2026-cı il tarixinə qədər bu mexanizm vasitəsilə 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür. İlin sonuna kimi kirayə müqavilələrinin sayının artacağı gözlənilir.

Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib:

"Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.

Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti