Bakı. Trend:
Avqustun 28-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir müavini Belarus
Respublikasının xarici işlər naziri Maksim Rıjenkov tərəfindən
qəbul edilib:
"Görüş zamanı, iki dövlət arasında strateji tərəfdaşlıq
münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan
və Belarus arasında dostluq münasibətlərinə söykənən strateji
tərəfdaşlıq əlaqələrinin inkişafında iki ölkə liderlərinin rolu
xüsusi vurğulanıb.
Daha sonra, Azərbaycan Respublikası və Belarus Respublikasının
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin
növbəti raundu keçirilib.Siyasi məsləhətləşmələrə Azərbaycan
tərəfindən nazir müavini Samir Şərifov, Belarus tərəfindən isə
xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət
dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və
siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.
Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə
ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti
və perspektivləri müzakirə edilib.
Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən
digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb".
