Vyanada muzeydən Misir kraliçasına məxsus brilyant boyunbağı oğurlanıb

Dünya xəbərləri Materials 28 Avqust 2026 17:24 (UTC +04:00)
Vyanada muzeydən Misir kraliçasına məxsus brilyant boyunbağı oğurlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Vyanada iki şəxs şəhərin mərkəzində yerləşən Tətbiqi İncəsənət Muzeyindən (MAK) Misir kraliçası Nazlıya məxsus, brilyantlarla bəzədilmiş boyunbağı oğurlayıb.

Bu barədə “Kurier” nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki kişi cümə axşamı saat 14:00 radələrində muzeyə adi ziyarətçi qismində daxil olub. Daha sonra onlar şüşə vitrini sındıraraq boyunbağını götürüblər. Şübhəlilərin hansı eksponatı oğurlamaq istədiklərini əvvəlcədən bildikləri ehtimal olunur. Zinət əşyasının dəqiq dəyəri hələ məlum deyil, lakin polis onun çox yüksək olduğunu bildirir.

Oğurlanan boyunbağı platindən hazırlanıb və ümumi çəkisi 200 karat olan 673 brilyantla bəzədilib. Zinət əşyası Misir kral ailəsinin sifarişi ilə hazırlanıb. Kraliça Nazlı boyunbağını 1939-cu ildə qızı Fövziyyənin İran vəliəhdi, gələcək şah Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb.

Oğurlanan boyunbağı MAK-da keçirilən “Glanzstücke” sərgisində nümayiş etdirilib. Sərgidə təxminən 500 eksponat, o cümlədən Fransanın “Van Cleef & Arpels” zərgərlik evinə məxsus 300-dən çox zinət əşyası və muzeyin öz kolleksiyasından 200-dən çox əşya təqdim olunub.

Oğurluqdan sonra şəxslər hadisə yerindən qaçıblar. Polis onların axtarışına başlayıb və şübhəlilərin görüntülərini də əldə edib.

Qeyd edək ki, avqustun 27-də İspaniyada muzey cəmi dörd dəqiqə ərzində qarət edilib və Tunc dövrünə aid artefaktlar oğurlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti