Bakı. Trend:
Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.
"Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi,
eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və
təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər
göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların
yayılmasının Azərbaycan tərəfində sual doğurduğu diqqətə
çatdırılıb.
Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında
Azərbaycana qarşı mənfi xarakterli məzmunun yayımlanması
ölkələrimiz arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan və
ikitərəfli münasibətlərə ciddi zərər vurmaq potensialına malik
qeyri-dost addım kimi qiymətləndirilib.
Polşa tərəfi Azərbaycanı hədəf alan bu cür təxribatçı
kampaniyaların dayandırılması istiqamətində təxirəsalınmaz və
təsirli tədbirlər görməyə çağırılıb", - deyə məlumatda qeyd
edilib.
