Bakı. Trend:
Prezident İlham Əliyev "Balıqçılıq haqqında" qanunu təsdiqləyib.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən, bu qanun Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Balıqçılıq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, “Qida təhlükəsizliyi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Baytarlıq haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə Azərbaycan Respublikasının su qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunda balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri də müəyyənləşdirilib:
- balıqçılıq sahəsində məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi;
- daxili bazar tələbatının ödənilməsi və ixrac potensialının artırılması məqsədilə yerli istehsalın stimullaşdırılması;
- elmi tədqiqatların və təlim proqramlarının dəstəklənməsi yolu ilə balıqçılıq sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;
- akvakulturanın dayanıqlı inkişafı məqsədilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
- balıq və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması;
- bu Qanunla müəyyən edilən hallar istisna olmaqla, balıq və digər su bioresurslarının ovunun ödənişli olması;
- balıq ovu üçün kvota müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin nəzərə alınması;
- balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi;
- balıqçılıq və akvakultura sahəsində idarəetmənin rəqəmsallaşdırılması;
- balıqçılıq fəaliyyəti zamanı balıq və digər su bioresurslarının təbii davranışlarının qorunmasının, onların ağrı və stresin minimuma endirildiyi şəraitdə saxlanılmasının və daşınmasının təmin edilməsi;
- transsərhəd su hövzələrində balıq və digər su bioresurslarının ehtiyatlarının birgə idarə olunması;
- regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində öhdəliklərin yerinə yetirilməsi.
