Bakı.Trend:
Böyük Britaniyada həkimlər ilk dəfə dünyada beyin şişinin çıxarılması əməliyyatı zamanı cərraha kömək etmək üçün real vaxt rejimində süni intellektdən istifadə ediblər.
Bu barədə London Universitet Kolleci Xəstəxanasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, əməliyyat Britaniyanın Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında keçirilib. 48 yaşlı Riz Hibbert süni intellektdən istifadə olunmaqla əməliyyat edilən ilk pasiyent olub.
Müdaxilə edilməyəcəyi təqdirdə şiş onun kor olmasına səbəb ola bilərdi. Əməliyyat zamanı süni intellekt sistemi kameradan alınan görüntünü real vaxt rejimində təhlil edərək beyin əsasındakı kritik strukturları işarələyib. Bu nahiyədə sinirlər və qan damarları bir-birinə çox yaxın yerləşir. Sistem cərrahlara şişi çıxararkən təhlükəli zonalardan yan keçməyə kömək edib.
Sistemin hazırlanmasında London Universitet Kollecinin mütəxəssisləri Milli Sağlamlıq İnstitutunun və “Google” şirkətinin dəstəyi ilə iştirak ediblər. Görmə qabiliyyətini itirdiyi üçün əməliyyata qədər əsa ilə hərəkət edən pasiyent müdaxilədən cəmi bir həftə sonra müstəqil şəkildə yeriyə bilib.
