Bakı. Trend:
İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin minimuma endirilməsi məqsədilə yeni normativ hüquqi aktlar təsdiq edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq Kollegiya
qərarları ilə təsdiq olunan bu yeni qaydalar ölkədə heyvandarlıq,
yemçilik və qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti
mexanizmlərini daha da gücləndirəcək.
“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat
və ya histomonostatların heyvan mənşəli qida məhsullarında
yolverilən maksimum miqdarına dair sanitariya norma və
qaydaları”nın təsdiq edilməsi haqqında Kollegiya qərarı yem
istehsalı, emalı və daşınması zamanı koksidiostat və ya
histomonostatların yaratdığı qaçılmaz çarpaz çirklənmə risklərinin
qarşısının alınmasına xidmət edir. Bu çərçivədə yem məhsullarında
məqsədli şəkildə istifadə olunmayan maddələrin heyvan mənşəli qida
məhsullarında yol verilən maksimum miqdarına dair normativ hədlər
tənzimlənib.
Digər qərarla isə “Heyvan mənşəli qida məhsullarında baytarlıq
preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq
miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik
edilib. Dəyişiklik edilmiş sanitariya normaları heyvanların
müalicəsi və profilaktikasında istifadə olunan farmakoloji aktiv
maddələrin, o cümlədən antibiotiklərin qida zəncirində yarada
biləcəyi risklərin qarşısının alınması ilə bağlı tələblərin
təkmilləşdirilməsini nəzərdə tutur. Bu qərarla ət, süd, yumurta və
bal kimi heyvan mənşəli qida məhsullarında insan sağlamlığı üçün
təhlükə yarada biləcək farmakoloji aktiv maddə qalıqlarının yol
verilən maksimum hədlərinə dair təkmilləşdirilmiş tələblər
müəyyənləşdirilir.
Sözügedən qərarlarla təsdiq edilmiş sanitariya norma və qaydaları
2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Hazırlanan sənədlərlə https://shorturl.at/WVODW və
https://shorturl.at/8WZtc
linklərinə keçid edərək tanış olmaq mümkündür.
