İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi

Siyasət Xəbər 23 Oktyabr 2026 11:50 (UTC +04:00)
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra ideoloji məkanını da işğaldan təmizləyir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Qərb insan hüquqları və demokratiya, İran şiəlik təbliğatı, Türkiyədə isə müəyyən qruplar etnik kimlik üzərindən öz maraqlarını həyata keçirməyə çalışır, keçmiş imperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər.

“Lakin xalqımız bir paytaxtdan – Bakıdan idarə olunur”, – Zahid Oruc vurğulayıb.

O bildirib ki, Azərbaycan xalqı çoxəsrlik mübarizə tarixində fərqli siyasi quruluşlara malik onlarla dövlət yaradıb. İslam dininin qəbulundan son min il ərzində müsəlman Şərqində Səfəvilərdən xanlıqlara, quberniyalardan Azərbaycan Xalq Cümhuriyyətinə qədər əsas milli ideya etnik kimliyi qorumaq və müstəqil dövlət qurmaq iradəsi olub.

Deputatın sözlərinə görə, azərbaycanlıları Rusiya, Osmanlı və Persiya imperiyaları arasında hüquqsuz, müstəmləkəçiliklə barışmış toplum kimi təqdim etmək xalqı zəngin və qürurlu keçmişindən ayırmaq deməkdir.

Z.Oruc qeyd edib ki, 1991-ci ildə müxtəlif ideologiyaları təmsil edən, özünü Qızılbaşlar, islamçılar və türk millətçiləri adlandıran qüvvələr Azərbaycanın siyasi quruluşunu qonşu ölkələrin davamı kimi görürdülər. Lakin milli lider Heydər Əliyev yeni Konstitusiyanın hazırlanmasına şəxsən rəhbərlik edib.

“Ulu öndər nə İranın dini dövlət modelini, nə də tez-tez siyasi çevrilişlərə yol açan Türkiyənin konstitusion quruluşunu qəbul etdi”, – deputat bildirib.

O xatırladıb ki, Heydər Əliyev 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Atatürkün Türkiyədə demokratik və dünyəvi dövlətin əsasını qoymasını Azərbaycanın da təcrübə məktəbi kimi qiymətləndirib.

Z.Orucun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqını öz adı ilə dünya siyasi xəritəsinə çıxarıb. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri milli kimliyin və millət adının heç kimə qurban verilməyəcəyini ifadə edir.

Deputat vurğulayıb ki, “mən türkəm”, “mən müsəlmanam”, “mən şiəyəm”, “mən yəhudiyəm” və “mən azərbaycanlıyam” deyən insanların vahid dövləti Azərbaycandır.

O bildirib ki, Vətən müharibəsində müxtəlif bölgələrdən olan, fərqli etnik mənsubiyyətə və dini inanclara sahib milyonlarla insan bir bayraq altında düşmənə qarşı birləşib. Şəhidlər xiyabanı xalqın vahidliyini əks etdirən müqəddəs məkandır.

“44 günlük savaşda parlaq Qələbə xalqımıza qalib siyasi kimlik qazandırdı”, – Z.Oruc deyib.

Onun sözlərinə görə, Qarabağ Zəfəri Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, milli dövlət quruluşunun gücünü də dünyaya nümayiş etdirib.

Deputat Qələbədən sonra suverenliyin qorunmasının vacibliyinə də diqqət çəkib. O bildirib ki, Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumaq hüququ heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə yönəlməyib.

Z.Orucun sözlərinə görə, bağçada böyüyən uşaqların, məktəblərdə təhsil alan şagirdlərin, universitetlərdə yetişən alimlərin, məscidlərdə, kilsələrdə və sinaqoqlarda ibadət edən insanların inancları fərqli ola bilər.

“Lakin hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var – Azərbaycan!” – deputat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti