Xankəndi. Trend:
Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın sosial müdafiə sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, nazir “SOCGOV 2026” forumunun Xankəndidə keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, tədbir işğaldan azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından mühüm platformadır.
Anar Əliyev qeyd edib ki, 2018-ci ildən indiyədək həyata keçirilən beş sosial islahat paketi çərçivəsində sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu islahatların icrası üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.
O, sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Qeyd olunub ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Hazırda əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətləri, inzibati proseslərin avtomatlaşdırılması və vətəndaşlarla rəqəmsal əlaqələrin inkişafı sahələrində süni intellektin tətbiqi istiqamətində işlər aparılır.
Anar Əliyev DOST konsepsiyasına Moldova, Özbəkistan və Serbiya da daxil olmaqla bir sıra ölkələrin maraq göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, son illərdə həyata keçirilən sosial islahatlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə qiymətləndirilib.
Nazir forumun sosial xidmətlər sahəsində innovativ həllərin müəyyənləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf əsaslarla qurulması baxımından əhəmiyyətini vurğulayıb.
