“Həzi Aslanov” stansiyası yaxın günlərdə tam istismara veriləcək

Gündəm Xəbər 23 Oktyabr 2026 11:42 (UTC +04:00)
“Həzi Aslanov” stansiyası yaxın günlərdə tam istismara veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalan yollarında yenidənqurma işləri başa çatıb. Yekun sınaqlar uğurla başa çatdıqdan sonra yaxın günlərdə dalan yolunun istismara verilməsi nəzərdə tutulur.

Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasının dalan yollarının tikintisinə 1980-ci illərdə başlanılıb, lakin müəyyən səbəblərdən işlər uzun müddət yarımçıq qalıb. Tikinti işləri yalnız 2002-ci ildə tamamlanıb və dalan yolları istismara verilib.

M.Rzayev qeyd edib ki, tikilinin uzun müddət açıq hava şəraitində qalması, mürəkkəb hidrogeoloji şərait, aqressiv qrunt mühiti və istismar amilləri nəticəsində dalan yollarının daşıyıcı dəmir-beton konstruksiyaları korroziyaya uğrayıb. Bu səbəbdən həmin konstruksiyaların sökülərək yenidən inşa edilməsi zərurəti yaranıb.

“Bu layihə adi təmir işi deyil. O, mürəkkəb mühəndislik həllərinin və yüksək texnologiyaların tətbiqi ilə mövcud yeraltı infrastrukturun əsaslı şəkildə yenilənməsinin mühüm nümunəsidir”, - deyə o bildirib.

Departament rəhbəri vurğulayıb ki, layihənin ən mürəkkəb mərhələsi tavan örtüyü saxlanılmaqla yan və orta divarların, yəni daşıyıcı konstruksiyaların tam sökülərək yenidən inşa edilməsi olub.

Onun sözlərinə görə, işlərə başlamazdan əvvəl divarların arxasındakı və döşəmə altındakı qruntun möhkəmləndirilməsi üçün xüsusi inyeksiya üsulu ilə məhlul vurulub. Daha sonra tavan örtüyünün təhlükəsizliyini təmin etmək məqsədilə metal dayaq konstruksiyaları quraşdırılıb. Yalnız bundan sonra daşıyıcı divarlar mərhələli şəkildə sökülərək yenidən inşa edilib.

M.Rzayev qeyd edib ki, tikinti zamanı əsas prioritetlərdən biri həm yeraltı iş sahəsinin, həm də yer səthindəki ətraf tikililərin, yaşayış binalarının və avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi olub. O əlavə edib ki, işlər şəhərin gündəlik həyatına maneə yaradılmadan həyata keçirilib.

Bundan başqa, tavan örtüyünün möhkəmləndirilməsi istiqamətində də tədbirlər görülüb. M.Rzayevin sözlərinə görə, bu məqsədlə metropoliten infrastrukturunda yeni mühəndislik həllərindən biri olan karbon lifli kompozit materialdan istifadə edilib. Bu material tavan örtüyünün dəmir-beton konstruksiyasının uzunömürlülüyünü, dayanıqlığını və etibarlılığını artırmağa xidmət edir.

O bildirib ki, yenidənqurma çərçivəsində tuneldaxili infrastruktur da tamamilə yenilənib. Yolun üst quruluşu yenidən qurulub, əvvəl istifadə edilən ağac şpallar müasir dəmir-beton şpallarla əvəzlənib.

“Bununla yanaşı, tunel daxilində bütün mühəndis-kommunikasiya xətləri və texniki sistemlər tamamilə yenilənib. Yekun sınaqlar uğurla başa çatdıqdan sonra yaxın günlərdə dalan yolunun istismarı nəzərdə tutulur”, - deyə M.Rzayev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti