Bakı. Trend:
Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmsil edib.
İclasda Fondun Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Fondun fəaliyyətinin təşkili, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı istiqamətində görülən işlər nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın tərəfdaş ölkələrlə yaratdığı ikitərəfli investisiya fondlarının təcrübəsini diqqətə çatdırıb. Türk İnvestisiya Fondunun bu fondlarla əlaqələrinin gücləndirilməsi, birgə maliyyələşdirmə mexanizmlərinin yaradılması barədə təkliflərini qeyd edib. Transsərhəd layihələrin, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi və milli valyutalarda kreditləşmənin təşviqi prioritet istiqamətlər kimi qeyd olunub.Fondun fəaliyyətində səmərəliliyin və korporativ idarəetmənin gücləndirilməsinin önəmi vurğulanıb.
İclasda Rəhbərlər Şurasına sədrliyin növbəti illik iclasın sonunadək Azərbaycana, sədr müavinliyinin isə Macarıstana həvalə olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Türk İnvestisiya Fondu (www.turkicfund.org) 2023-cü ildə Ankarada imzalanmış təsis sazişi əsasında üzv ölkələr arasında iqtisadi əməkdaşlığın, qarşılıqlı investisiyaların və regional ticarətin genişləndirilməsi məqsədilə yaradılmış beynəlxalq maliyyə institutudur. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın üzv olduğu Fond kiçik və orta sahibkarlığın dəstəklənməsinə, infrastrukturun inkişafına və birgə layihələrin maliyyələşdirilməsinə xidmət edir.
