Bakı. Trend:
Azərbaycan Respublikasının Hesablama Palatası 2024–2025-ci illərdə 14 yerli icra hakimiyyəti orqanında avtomobil yollarının əsaslı təmirinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsini təhlil edib. Təhlil zamanı ümumilikdə 1 milyon 78 min 610,9 manat məbləğində iş həcmi və dəyərinin artırılmasına, nəticədə podratçılara artıq ödəniş edilməsinə yol verildiyi müəyyən olunub. Qeyd olunan məbləğ analitik fəaliyyət dövründə dövlət büdcəsinə tam bərpa edilib.
Bu barədə Hesablama Palatası məlumat yayıb.
Məlumata görə, analitik fəaliyyət Hesablama Palatasının 2026-cı il üzrə İş Planına uyğun olaraq Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayon icra hakimiyyətlərində, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətlərində aparılıb.
Təhlil çərçivəsində yolların əsaslı təmirinə çəkilmiş xərclər sənədlər əsasında araşdırılıb, nəzarət ölçüləri aparılmayıb. Sübutlar qiymətləndirilərkən yerli icra hakimiyyəti orqanlarının Hesablama Palatasına təqdim etdiyi ilkin sənəd və məlumatlar nəzərə alınıb.
Palata müəyyən edib ki, yolların təmirinə ehtiyacın müəyyənləşdirilməsi zamanı texniki vəziyyət bir sıra hallarda kifayət qədər əsaslandırılmayıb. Belə ki, instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlər lazımi səviyyədə tətbiq edilməyib, qüsur aktları əsasən vizual baxış əsasında tərtib olunub.
Bu vəziyyət təmir ehtiyacının obyektiv müəyyənləşdirilməsini, görülmüş işlərin yolların faktiki vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də büdcə vəsaitlərinin qənaətli, səmərəli və nəticəyönümlü idarə olunmasını məhdudlaşdırıb.
Təhlildə layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsinə və təsdiqlənməsinə baxmayaraq, layihələrdə əsasən asfalt-beton örtüyünün qalınlığının müəyyənləşdirilməsi ilə kifayətlənildiyi vurğulanıb. Yolların uzununa və eninə profilləri, meyillilik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələlərində nəzərə alınmayıb.
Nəticədə əsaslı təmir edilmiş yollarda normativ həndəsi parametrlərin və təbii suaxının təmin edilməməsi, örtük üzərində suyun toplanması, lokal çökəkliklərin və əks-meyilliliklərin yaranması riskləri meydana çıxıb. Bu isə yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, büdcə vəsaitlərinin gözlənilən nəticəni verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.
Satınalma prosedurlarının formal xarakter daşıdığı hallar da aşkarlanıb. Palatanın məlumatına əsasən, layihə-smeta sənədlərinin hazırlanmasına əsas olan qüsur aktlarının satınalma prosedurundan sonra tərtib edilməsi iş həcmlərinin və ehtimal olunan qiymətin lazımi əsaslandırma olmadan müəyyənləşdirildiyini göstərib.
Altı yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş, ümumi məbləği 6 milyon 291 min 235,7 manat olan təmir işləri üzrə satınalma müqaviləsi bağlandıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə 4 gün ərzində işlərin başa çatmasına dair qəbul aktları rəsmiləşdirilib. Palata bunu işlərin satınalma prosedurundan əvvəl başlanmasının göstəricisi kimi qiymətləndirib.
Məlumatda qeyd olunub ki, bu hallar dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə riayət edilmədiyini göstərir.
Təhlil zamanı söküntü nəticəsində əldə olunan tikinti materiallarının qiymətləndirilmədiyi, mədaxil edilmədiyi və ya podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmadığı da müəyyən edilib. Bundan başqa, frezlənmə və söküntü materiallarının daşınmasını təsdiq edən müvafiq icazələr olmadığı halda daşınma xərcləri smeta sənədlərinə daxil edilib.
Satınalmaya çıxarılan iş həcmlərinin əsaslandırılmadan dəyişdirilməsi, bəzi işlərin həcminin müqavilələrdə artırılması, əvvəlcədən faktiki icra edilmiş işlərin isə sonradan dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərinə, satınalma şərtlərinə və qəbul aktlarına əlavə olunması halları qeydə alınıb.
Dörd yerli icra hakimiyyəti orqanı üzrə layihə-smeta sənədlərində hüquqi əsası olmayan digər smeta normativləri tətbiq edilib. İki yerli icra hakimiyyəti orqanında isə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənmə və rənglənmə işləri yolların əsaslı təmiri üzrə smetalara daxil edilərək rəsmiləşdirilib.
Palata asfalt-beton örtüklü, mövcud vəziyyəti qənaətbəxş olan yolların müəyyən hissələrində qüsur aktlarının real vəziyyəti əks etdirməməsini, söküntü və bərpa üzrə texniki normalara əməl edilməməsini də nöqsanlar sırasında göstərib. Bu hallar layihə-smeta və satınalma sənədlərinə artıq iş həcmlərinin daxil edilməsinə şərait yaradıb.
Satınalma müqavilələrinin icrası zamanı da qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, təchizatçılar tərəfindən icra təminatları gecikdirilməklə təqdim edilib, müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, bəzi hallarda öhdəliklərin gecikdirildiyi müddətdə icra təminatı olmayıb və dövlət vəsaiti uzun müddət özəl qurumların istifadəsində qalıb.
Öhdəliklərini vaxtında yerinə yetirməyən podratçılara müqavilə şərtlərinə uyğun cərimələrin tətbiq edilməməsi və ya müqavilələrin xüsusi şərtlərində cərimə faizlərinin nəzərdə tutulmaması da gecikmələrə və cərimələrin hesablanmasının məhdudlaşmasına səbəb olub.
Dövlət əmlakının uçotu ilə bağlı nöqsanlar da qeydə alınıb. Şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, örtük növü, konstruktiv elementləri, balans mənsubiyyəti və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçot qanunvericiliyin tələblərinə uyğun təmin edilməyib. Həmçinin bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılmasında çatışmazlıqlar olub.
Nəticədə analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda əks etdirilməyib, əsaslı xərclər kapitallaşdırılmayıb.
Palata bildirib ki, bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunmasına, eləcə də dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Hesablama Palatası bir sıra tədbirlərin həyata keçirilməsini təklif edib. Təkliflərə yolların əsaslı təmiri üçün vahid qiymətləndirmə mexanizminin yaradılması, layihələrin hazırlanmasından əvvəl məcburi texniki müayinələrin aparılması, qüsur aktlarının yalnız vizual baxış əsasında tərtib edilməsinin zəruri hallar istisna olmaqla qarşısının alınması, eləcə də yol layihələrində həndəsi parametrlər və suötürücü həllər üzrə vahid tələblərin müəyyənləşdirilməsi daxildir.
Bununla yanaşı, yolların əsaslı təmiri işlərinin yerli icra hakimiyyəti orqanları üzrə vahid layihə çərçivəsində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması və dövlət əsaslı vəsait qoyuluşundan maliyyələşdirilməsi təklif olunub.
Dövlət əmlakının uçotunda vahidliyin təmin edilməsi üçün dövlət vəsaiti hesabına yaradılmış və əsaslı təmir edilmiş şəhər, qəsəbə və kənddaxili yolların inventarlaşdırılması, elektron reyestrdə qeydiyyata alınması, hər bir yol obyektinə unikal reyestr nömrəsinin verilməsi, yolun ünvanı, uzunluğu, sahəsi, örtük növü, konstruktiv elementləri və dəyəri barədə məlumatların sistemləşdirilməsi də tövsiyə edilib.
Eyni zamanda, əsaslı təmir edilmiş yol obyektlərinin təhvil-qəbul aktları əsasında balansda rəsmiləşdirilməsi, mühasibat uçotu göstəricilərinin müntəzəm üzləşdirilməsi, şəhər və qəsəbədaxili yolların balans mənsubiyyətinin müəyyənləşdirilməsi, texniki pasportlaşdırılmasının aparılması və məlumatların Avtomobil Yollarının Vahid Dövlət Reyestrinə daxil edilməsi təkliflər sırasında yer alıb.
Məlumata görə, Hesablama Palatasının Kollegiyası analitik fəaliyyətin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflərin icrası, eləcə də aşkar edilmiş məsələlər üzrə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlərin görülməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.
