Azərbaycan Özbəkistanı rəqəmsallaşdırır - Direktor müavini

Cəmiyyət Xəbər 23 Oktyabr 2026 15:00 (UTC +04:00)
Azərbaycan Özbəkistanı rəqəmsallaşdırır - Direktor müavini
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Özbəkistanda sosial xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi istiqamətində işlər davam etdirilir.

Bunu Özbəkistan Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev cümə günü Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında sosial xidmətlər sahəsində iyirmiyə yaxın əməkdaşlıq həyata keçirilib. Azərbaycanın DOST mərkəzlərinin təcrübəsi əsasında Özbəkistanda da İNSON mərkəzləri yaradılıb.

S.Abdullayev qeyd edib ki, hazırda Özbəkistanda xidmətlərin 80 faizə qədəri rəqəmsal formada göstərilir. Bu, xüsusilə sosial dəstəyə ehtiyacı olan vətəndaşlara evdən çıxmadan müvafiq xidmətlərdən yararlanmaq imkanı verir.

O bildirib ki, DOST ilə əməkdaşlıq çərçivəsində sosial xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi istiqamətində işlər genişləndirilir.

Agentlik rəsmisi vurğulayıb ki, sosial müdafiə sistemində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün rəqəmsallaşdırmanın genişləndirilməsi və insan amilinin minimuma endirilməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

Forumun məqsədi sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi imkanlarını müzakirə etmək, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf qurulmasına xidmət edən innovativ həlləri müəyyənləşdirmək, eləcə də ağıllı idarəetmə sahəsində qabaqcıl təcrübələri bölüşməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti