Bakı.Trend:
Oktyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha
sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş
tərkibdə davam edib.
Görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin mövcud vəziyyəti
və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəmin
aktual məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin qarşılıqlı
hörmət, suverenlik və dövlətlərin bərabər hüquqluğu prinsipləri
əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Yüksək səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında
siyasi məsləhətləşmələrin ikitərəfli dialoqun inkişafında mühüm rol
oynadığı qeyd olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və
Hindistanın Baş naziri cənab Narendra Modi arasında Bişkek
şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində
görüşünün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin irəlilədilməsi
istiqamətində əhəmiyyəti vurğulanıb.
Görüşdə, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi,
ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların
təşviqi məsələləri müzakirə edilib. Enerji, əczaçılıq, kənd
təsərrüfatı, informasiya texnologiyaları, habelə digər qarşılıqlı
maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
imkanları vurğulanıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsindəki
strateji rolu və nəqliyyat-logistika potensialı, Azərbaycanda
infrastrukturun yaratdığı imkanlar diqqətə çatdırılıb. Bununla
yanaşı, birbaşa təyyarə reyslərinin qarşılıqlı turist səfərləri
üçün yaratdığı imkanların əhəmiyyəti vurğulanıb.
Humanitar və mədəni əlaqələrin, turizmin, təhsil və elm sahələrində
əməkdaşlığın inkişafının xalqlar arasında qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Görüşdə, həmçinin BMT, Qoşulmama Hərəkatı, AQEM, Şanxay Əməkdaşlıq
Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq
məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, Cənubi Qafqaz regionunda son inkişaflar,
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi,
etimad-quruculuğu tədbirləri, işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi
barədə qarşı tərəfə məlumat verilib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat
konfransında bəyanatlarla çıxış ediblər.
