Bakı. Trend:
“Kazatomprom” üçün Qazaxıstandan uranın ixracı üzrə əsas alternativ marşrut Azərbaycan və Gürcüstan üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (Orta Dəhliz).
Bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in press-relizində qeyd edilib.
Bildirilib ki, “Kazatomprom” geosiyasi risklərə məruz qalmaqda davam edir, çünki Qərb müştəriləri üçün uranın əsas ixrac marşrutu, tədarüklərin yarıdan çoxunun həyata keçirildiyi marşrut, Rusiyanın Sankt-Peterburq limanından keçir.
“Hazırda Rusiyadan uranın ixracına məhdudiyyətlər yoxdur, lakin "Fitch"in fikrincə, mümkün sanksiyaların tətbiqi tədarükləri poza bilər. Əsas alternativ marşrut Azərbaycan və Gürcüstan üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. 2025-ci ildə “Kazatomprom” bu marşrutla Qərbdəki müştərilərinə tədarüklərinin 48 faizini həyata keçirib. Bundan əlavə, şirkət xaricdə yerləşən uran ehtiyatları ilə svop mexanizmindən istifadə edə bilər”, - deyə "Fitch"in məlumatında bildirilib.
Qeyd edək ki, "Fitch Ratings" “Kazatomprom”un uzunmüddətli emitentin defolt reytinqini (IDR) sabit proqnozla “BBB” səviyyəsində təsdiqləyib.
Xatırladaq ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat-ticarət marşrutudur. O, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.
Marşrut Çindən başlayır və Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarından yan keçən quru marşrutudur və Çin də daxil olmaqla Asiyanın şərq rayonlarını Avropa ilə birləşdirir.
