Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2026 15:26 (UTC +04:00)
Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında vətəndaşlar, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, görüşün keçirilməsində məqsəd iştirakçıları laboratoriyanın fəaliyyəti, göstərilən xidmətlər, müasir avadanlıqlar və tətbiq olunan analiz metodları ilə yaxından tanış etmək olub.

Tədbir çərçivəsində torpaq analizləri üzrə azot, fosfor, kalium, pH və EC göstəricilərinin müəyyənləşdirilməsi prosesi əyani şəkildə nümayiş etdirilib. Toxum analizləri üzrə təmizlik və cücərmə göstəricilərinin, eləcə də 1000 dənin çəkisinin müəyyənləşdirilməsi prosesi barədə məlumat verilib.

İştirakçılar, həmçinin bitki xəstəliklərinin diaqnostikası, kənd təsərrüfatı məhsullarının analizi və suvarma suyunun müayinəsi istiqamətində görülən işlərlə tanış olublar.

Bildirilib ki, cari ilin əvvəlindən avqust ayınadək Mərkəzi Laboratoriyada torpaq üzrə 803 nümunə qəbul edilib, onlardan 783-ü 5-dən 11-dək parametr üzrə analiz olunub. Toxum və ting üzrə 272, bitki xəstəlikləri üzrə isə 262 nümunənin qəbulu və analizi həyata keçirilib.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının fitokimyəvi analizi üzrə 519, suvarma suyu üzrə 65 nümunə qəbul edilərək analiz olunub.

Qeyd olunub ki, aparılan analizlər torpaq və su resurslarının vəziyyətinin qiymətləndirilməsinə, toxum və ting materiallarının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə, bitki xəstəliklərinin aşkarlanmasına və kənd təsərrüfatı məhsullarının müvafiq göstəricilər üzrə təhlilinə imkan verir. Bu xidmətlər fermerlərin elmi əsaslandırılmış qərarlar qəbul etməsinə, resurslardan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına xidmət edir.

Tədbirdə Mərkəzi Laboratoriyanın əsas fəaliyyət istiqamətləri və həyata keçirilən laborator müayinələr barədə təqdimat da keçirilib. Təqdimatdan sonra iştirakçıların sualları laboratoriya mütəxəssisləri tərəfindən cavablandırılıb, xidmətlər və analizlərin aparılması qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda torpaq resurslarının qorunması və onlardan səmərəli istifadə, eləcə də suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas prioritet istiqamətləri sırasında müəyyənləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti