Daşkənd. Trend:
Məlumatlar və steyblkoinlərlə əməliyyatların ölçülməsi Özbəkistan Mərkəzi Bankı üçün rəqəmsal aktivlərə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Özbəkistan Mərkəzi Bankının pul-kredit siyasəti departamentinin direktoru Samigjon İnqomov Daşkənddə keçirilən İpək Yolu Maliyyəsi və Texnologiya Forumu çərçivəsində bildirib.
İnqomovun sözlərinə görə, steyblkoinlərlə bağlı risklərin bir hissəsi artıq mövcud ehtiyatların formalaşdırılması sistemi çərçivəsində nəzərə alınır.
“Müvafiq ehtiyatlar tənzimləmə ilə müəyyən edilmiş çərçivədə saxlanılır. Beləliklə, risklərin bu hissəsini artıq böyük ölçüdə həll etmişik”, - deyə o bildirib.
Bununla yanaşı, o, əməliyyatlar barədə məlumatlara çıxışın vacibliyini qeyd edib, çünki tokenlər bank hesablarından birbaşa keçmədən pul kisələri arasında köçürülə bilər.
“Bu o deməkdir ki, əməliyyat gündəlik işimizdə istifadə etdiyimiz statistikada əks olunmaya bilər və bu, əməliyyatın hansı məqsədlə istifadə edildiyini - ödəniş və ya vəsaitin saxlanılması üçün - təhlil etməkdə müəyyən çətinliklər yarada bilər. Biz pulun hərəkətinin istiqamətini və xarakterini təhlil edə bilmirik”, - deyə İnqomov qeyd edib.
O, həmçinin rəqəmsal aktivdən istifadənin iqtisadi məqsədinin nəzərə alınmasının zəruriliyini vurğulayıb.
“Təchizatçıya ödəniş etmək üçün istifadə olunan token və bir il ərzində saxlanılan token əməliyyatların hərəkəti baxımından eyni görünə bilər, lakin pul-kredit siyasəti baxımından bunlar fərqli məsələlərdir. Birinci halda söhbət əsasən ödənişdən, ikinci halda isə yığımdan və ya aktivlərin yerləşdirilməsi ilə bağlı qərardan gedir”, - deyə o bildirib.
İnqomovun sözlərinə görə, bu cür əməliyyatların fərqləndirilməsi təhlil və pul-kredit siyasətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Buna görə də bizim üçün əsas məsələ məlumatlar və stabil aktivlərin ölçülməsidir”, - deyə o qeyd edib.
O əlavə edib ki, tənzimləyici “sandbox” Mərkəzi Bank üçün təkcə innovasiyaların dəstəklənməsi aləti deyil, həm də yeni maliyyə alətlərinin öyrənilməsi mexanizmidir.
“Bizim “sandbox”umuz təkcə innovasiyaların təşviqi aləti deyil, həm də Mərkəzi Bank üçün ölçmə alətidir və bu məsələni daha yaxşı anlamağımıza kömək edəcək”, - deyə İnqomov yekunlaşdırıb.
