Bakı. Trend:
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.
Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq AR-dən xarici ölkəyə və ya xarici ölkədən AR-ə gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər. B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.
Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı
ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv
xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta
dövlət nəfinə müsadirə edilib.
Vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən,
xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və
vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və
əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla
yanaşı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə cinayət
yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa
düşülür.
Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.
Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.
