"Gold Fresh Fruit" Namanqan vilayətində intensiv bağların yaradılması layihəsini genişləndirir – Kudratov

İqtisadiyyat Materials 22 Avqust 2026 15:02 (UTC +04:00)
"Gold Fresh Fruit" Namanqan vilayətində intensiv bağların yaradılması layihəsini genişləndirir – Kudratov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Azərbaycanın "Gold Fresh Fruit" şirkəti Özbəkistanın Namanqan vilayətində intensiv meyvə bağlarının yaradılması layihəsinin ikinci mərhələsinə başlayır.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Gold Fresh Fruit" şirkətinin timsalında Azərbaycan kapitalı artıq Namanqan vilayətində intensiv meyvə bağlarının inkişafı layihəsini həyata keçirir.

“Bu günlərdə 700 hektar ərazidə logistika və soyuducu infrastrukturun yaradılması ilə layihənin ikinci mərhələsinə başlanılır”, – deyə Kudratov bildirib.

Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan regionları arasında əməkdaşlığın ərzaq və aqrosənaye sahələrində əhəmiyyətli potensialı var.

Xüsusilə, Sırdərya vilayəti və Füzuli, həmçinin Qaşqadərya vilayəti və Beyləqan bağçılıq, kənd təsərrüfatı məhsullarının dərin emalı və hazır ərzaq məhsullarının istehsalına diqqət yetirə bilər.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti