Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,2 ABŞ dolları və ya 1,26 faiz artaraq bir barel üçün 96,68 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,36 faiz artaraq 93,04 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,69 ABŞ dolları və ya 2,29 faiz artaraq bir barel üçün 69,63 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,63 ABŞ dolları və ya 0,67 faiz artaraq bir barel üçün 94,03 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neft cümə günü bir barel üçün 86 dollardan yuxarı qiymətə satılıb və ardıcıl ikinci həftəlik artımını qeydə almağa hazırlaşır. Bildirilib ki, neftin qiyməti bu həftə ərzində təxminən 6% bahalaşıb.
"Bahalaşma ABŞ-İran münaqişəsində gərginliyin səngiməməsi fonunda baş verib. Tərəflər Hörmüz boğazı ilə bağlı mübahisədə qarşıdurmanı davam etdirirlər.
ABŞ Prezidenti Donald Trampın “iqtisadi D-Day” adlandırdığı təşəbbüs çərçivəsində Vaşinqton İran iqtisadiyyatını təcrid etməyə hazırlaşır. Təşəbbüsün detalları bazar ertəsi açıqlanacaq.
Təklif olunan tədbirlərin İranın beynəlxalq maliyyə və kommersiya kanallarından, o cümlədən banklardan, şirkətlərdən, gəmiçilik reyestrlərindən, nağd pul köçürmələrindən və qaçaqmalçılıq şəbəkələrindən təcrid edilməsinə yönələcəyi gözlənilir.
Vaşinqton iqtisadi təzyiqi artırmaqla Tehranı münaqişə, nüvə proqramı və Hörmüz boğazına nəzarətlə bağlı danışıqlara sövq etməyə çalışır.
Digər tərəfdən, Ukraynanın Rusiyanın enerji infrastrukturuna həyata keçirdiyi bir sıra zərbələr bəzi bölgələrdə yanacaq çatışmazlığına səbəb olub. Bu da qlobal neft bazarlarına əlavə təzyiq göstərib", - məlumatda qeyd edilib.
