Bakı. Trend:
PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş “Quba ABAD Factory
İstehsalat Kompleksi" və "Şəki ABAD Keramika və Tətbiqi Sənət
Mərkəzi" layihələrini dəstəkləməyə davam edir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) 23 sentyabr 2016-cı il
tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd
ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına,
mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq
səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə
təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
PAŞA Holding-in dəstəyi ilə “ABAD” tərəfindən icra edilmiş ən iri
layihələr “Quba ABAD Factory İstehsalat Kompleksi” və “Şəki ABAD
Keramika və Tətbiqi Sənət Mərkəzi”dir.
2018-ci il oktyabrın 11-də açılışı baş tutan “Quba ABAD Factory”
İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət
evi” qismində istifadəyə verilib. Uzun illər istismar nəticəsində
yararsız vəziyyətə düşmüş binada PAŞA Holding-in dəstəyi ilə əsaslı
təmir-bərpa işləri həyata keçirilib və müasir avadanlıqlarla təchiz
olunub.
Hazırda kompleks 5 istehsal sahəsi ilə “ABAD”çıların
xidmətindədir:
* Meyvə qurutma
* Süd emalı məhsulları
* Ət emalı məhsulları
* Qənnadı məmulatları
* Meyvə və tərəvəzlərin emalı məhsulları
Bundan əlavə, “Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi”
Azərbaycanın tarixi keramika ənənələrinin qorunması, ölkənin
qeyri-maddi milli-mədəni irsi olan əl işi sənəti növlərinin
yaşadılması, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada
tanıdılması məqsədilə fəaliyyət göstərir. Müəssisədə keramika
sənətindən başqa xalçaçılıq və digər sənətkarlıq növləri üzrə
təlimlər keçirilir. Mərkəz bir neçə beynəlxalq tədbirlərə, o
cümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi
edib.
Qeyd edək ki, indiyədək “ABAD” vasitəsilə ümumilikdə 700-ə yaxın ailə təsərrüfatına dəstək göstərilib.