Kolonial keçmişi olan dövlətlər mütləq üzr istəməlidirlər - Deputat

Siyasət Materials 21 Avqust 2026 11:20 (UTC +04:00)
Kolonial keçmişi olan dövlətlər mütləq üzr istəməlidirlər - Deputat
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Kolonial keçmişi olan dövlətlər mütləq üzr istəməlidirlər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Mənim qəti qənaətimə görə, kolonial keçmişi olan və bu keçmişdə insanlıq əleyhinə cinayətlər, soyqırımı törədən dövlətlər mütləq formada üzr istəməlidirlər. Bu, bir hüquqi məsələdir”, – deputat bildirib.

N.Səfərov qeyd edib ki, kolonializm siyasi, hüquqi, iqtisadi və sosial-humanitar aspektləri olan kompleks məsələdir. Onun sözlərinə görə, hüquqi baxımdan fundamental məsələlərdən biri kolonializm dövründə yol verilmiş əməllərin hüquqi tövsifidir.

“Şübhəsiz ki, bəzi dövlətlərin törətdikləri əməllər, yol verdikləri cinayətlər yalnız bir cür hüquqi kvalifikasiya olunur: bu, insanlıq əleyhinə cinayətdir”, – o vurğulayıb.

Deputat bildirib ki, insanlıq əleyhinə cinayətlər konsepsiyası Transatlantik qul ticarəti ilə bağlı formalaşıb və bu termin XIX əsrin ortalarında ABŞ universitetlərində dərc edilən bir sıra məqalələrdə öz əksini tapıb.

Onun sözlərinə görə, kolonializm dövründə törədilən cinayətlərin insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirilməsi üçün mühüm hüquqi presedentlər də mövcuddur.

N.Səfərov bu kontekstdə Brüssel Apellyasiya Məhkəməsinin qərarına diqqət çəkib. O bildirib ki, məhkəmə Belçika hakimiyyətinin kolonializm dövründə metis uşaqların ailələrindən ayrılması, başqa yerlərə köçürülməsi, diskriminasiya və seqreqasiyaya məruz qoyulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirib.

“Bu, çox mühüm bir simvolik qərardır və novator xarakterli hüquqi presedent kimi mühüm əhəmiyyət daşıyır”, – deputat deyib.

N.Səfərov kolonializm qurbanlarının kompensasiya hüququ məsələsinə də toxunub. O xatırladıb ki, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyətinə dair maddələr layihəsində kompensasiya, restitusiya və satisfaksiya nəzərdə tutulur.

Deputatın sözlərinə görə, restitusiya əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğundan kolonializm dövründə törədilmiş əməllərlə bağlı bir çox hallarda mümkün deyil. Buna görə də satisfaksiya və kompensasiya məsələləri xüsusi əhəmiyyət daşıyır.

O vurğulayıb ki, satisfaksiya beynəlxalq hüquqa zidd əməl törətmiş dövlətin üzr istəməsini, kompensasiya isə dəymiş zərərin maddi formada ödənilməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti