Bakı. Trend:
Böyük Britaniya Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün bu dəstəyi davam etdirməyi planlaşdırır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniyanın müdafiə və təhlükəsizlik sahəsində dəyərli tərəfdaşıdır və iki ölkə arasında bu sahədə əməkdaşlıq heç vaxt indiki qədər sıx olmayıb.
"Biz kadr hazırlığı, müdafiə əlaqələrinin gücləndirilməsi və Böyük Britaniyanın müdafiə sahəsində təcrübəsindən istifadə etməyə imkan verəcək əməkdaşlıq imkanlarının araşdırılması yolu ilə müdafiə sahəsində qarşılıqlı fəaliyyəti daha da dərinləşdirməyə çalışırıq. Eyni zamanda, bu, Azərbaycanın öz imkanlarını gücləndirməsinə şərait yaradacaq", - deyə Norman qeyd edib.
Diplomat həmçinin bildirib ki, Böyük Britaniya Azərbaycan hüquq-mühafizə orqanları ilə birlikdə narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır mütəşəkkil cinayətkarlıqla mübarizə aparır.
"Böyük Britaniya öz təcrübəsini bölüşmək imkanından, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının zəngin təcrübə və imkanlarından istifadə etməkdən qürur duyur. Bu, hər iki ölkəyə daha sıx əməkdaşlıqdan faydalanmağa imkan verir", - deyə Norman bildirib.
