Bakı. Trend:
FİFA Şurasının səkkiz vitse-prezidentindən biri olan macar Şandor Çani beynəlxalq qurumun prezidenti Canni İnfantinoya dəstəyini geri çəkdiyini açıqlayıb.
Eyni zamanda Macarıstan Futbol Federasiyasının prezidenti olan Çani İnfantinoya ünvanlanmış məktubunda FİFA prezidentinə "əvvəllər bəslədiyi etimadı itirdiyini" bildirib.
Şandor Çani mövqeyini əsaslandırarkən, xüsusilə 2026-cı il Dünya Çempionatı zamanı "futbolun maraqlarından daha çox siyasi maraqlara xidmət edən qərarların" qəbul edilməsini, həmçinin beynəlxalq qurumun özəl investorların iştirakı üçün açılması planını qeyd edib. O bildirib ki, bu layihə "gizli şəkildə, FİFA Şurasına məlumat verilmədən" həyata keçirilib.
"Səbr kəsasının daşmasına səbəb olan son damcı isə Kevin Lamurun gözlənilmədən işdən çıxarılması oldu”, — deyə o əlavə edib.
"Sizin FİFA-nı uğurla və səmərəli şəkildə idarə edə biləcəyinizə dair inamım sarsılıb", — deyə Çani İnfantinonun ünvanına söyləyib.
Bazar ertəsi FİFA Lamurun qurumdan ayrıldığını açıqlamışdı. O, baş direktorun müavini səviyyəsində əməliyyatlara rəhbərlik edir və hüquq, kommunikasiya və kadrlar kimi əsas inzibati sahələrə nəzarət edirdi. Lamur FİFA-da 2027-ci ilin martında yenidən prezidentliyə namizədliyini irəli sürəcək İnfantinonun layihəsini tənqid edən ən yüksək səviyyəli şəxslərdən biri idi və layihəni "yalnız bir şəxsin layihəsi" adlandırmışdı.
