Bakı. Trend:
Kral ailəsi ilə qalmaqallı şəkildə yollarını ayıraraq Kaliforniyaya köçmələrindən altı il sonra şahzadə Harri və həyat yoldaşı Meqan Markl Böyük Britaniyada yaşamaq üçün geri qayıdacaqlar.
Bu barədə Britaniya mediası məlumat yayıb.
Kral III Çarlzın kiçik oğlu və Meqan “avqustun sonunadək ABŞ-dan ayrılaraq Londondan kənarda yerləşən, kral ailəsinə məxsus olmayan şəxsi iqamətgaha köçməyi planlaşdırırlar”, — Telegraph qəzeti yazıb.
Bir sıra media, o cümlədən BBC-nin məlumatına görə, onların iki övladı sentyabr ayında başlayacaq yeni tədris ili üçün Britaniyadakı məktəblərdən birində qeydiyyatdan keçirilib.
Məlumata görə, kral bazar günü onların bu planından xəbərdar edilib. III Çarlzın ailəni “daha çox görəcəyi imkanından” məmnun olduğu, lakin onların adi vətəndaş statusunun dəyişməyəcəyi bildirilib. Harri və Meqan artıq kral ailəsinin fəal üzvləri deyillər.
"Telegraph" qəzetinin məlumatına görə, Harrinin böyük qardaşı Uilyam və onun həyat yoldaşı Keyt də bundan xəbərdar ediliblər. Lakin Uilyam hələ ki buna münasibət bildirməyib.
Harri bir neçə dəfə Böyük Britaniya üçün darıxdığını bildirib. Son vaxtlar onun ailəsi, xüsusilə də atası ilə münasibətlərində yaxınlaşma əlamətləri də müşahidə olunurdu. 2025-ci ilin mayında o, BBC-yə ailəsi ilə “barışmaq” istədiyini bildirərək, uşaqlarına “vətənini göstərə bilmədiyi üçün həqiqətən kədərləndiyini” söyləmişdi.
İyulun 10-da isə III Çarlz və həyat yoldaşı Kamilla Londonda Harri, Meqan və onların 7 və 5 yaşlı övladları Arçi və Lilibeti qəbul etmişdilər. Bu, dörd il ərzində ilk belə görüş idi. Uşaqlar babalarını sonuncu dəfə 2022-ci ildə kraliça II Elizabetin platin yubileyi münasibətilə keçirilən tədbirlər zamanı görmüşdülər.
41 yaşlı şahzadə Harri isə bir neçə dəfə Böyük Britaniyaya qayıdıb. O, xüsusilə 2024-cü ilin fevralında kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğunun elan edilməsindən dərhal sonra atası ilə görüşüb. Daha sonra 2025-ci ilin sentyabrında atası tərəfindən Londondakı iqamətgahı Klarens Hausda çay içməyə dəvət olunub.
