Bakı. Trend:
NASA çərşənbə günü köhnə Swift teleskopunu xilas etmək üçün həyata keçirdiyi riskli missiyanın uğursuz olduğunu açıqlayıb. Missiya çərçivəsində kosmik robot teleskopu tutmalı və onun orbitini daha yüksək səviyyəyə qaldırmalı idi. Lakin teleskop Yer atmosferinə daxil olaraq yaxın zamanda parçalanmasını gözləməli olacaq.
ABŞ kosmik agentliyi açıqlamasında bildirib ki, “hündürlüyə nəzarətdə davamlı problem” səbəbindən Amerikanın Katalyst startapına məxsus robot teleskopu “nə tuta, nə də elmi missiyasını planlaşdırıldığı kimi uzatmaq üçün daha yüksək orbitə çıxara biləcək”.
Şirkət isə bildirib ki, robot teleskopa yaxınlaşmağa çalışacaq ki, “mümkün qədər çox məlumat toplasın”. Katalyst iyulun sonunda da xilasetmə aparatının qarşılaşdığı çətinliklər barədə məlumat vermişdi.
Sakit okeandakı atollardan birindən iyulun 3-də buraxılan robotun əsas məqsədi qamma şüalanmalarını — enerjisi olduqca yüksək, lakin çox qısa müddət davam edən kosmik hadisələri — öyrənmək üçün hazırlanmış üçlü teleskop olan Neil Gehrels Swift Observatory teleskopunu xilas etmək idi.
2004-cü ildən fəaliyyət göstərən teleskop elmi ictimaiyyət tərəfindən hələ də geniş istifadə olunurdu. Lakin onun hündürlüyü tədricən azalırdı və nəticədə Yerə yaxınlaşaraq atmosferdə yanması təhlükəsi yaranmışdı. Buna görə NASA 250 milyon dollara başa gəlmiş bu cihazı xilas etmək və ona daha bir neçə il xidmət göstərmək üçün 30 milyon dollarlıq, analoqu olmayan missiyaya start vermişdi.
Sürətlə hazırlanmış layihə olduqca mürəkkəb idi: Swift teleskopunun orbitinə yaxın bir orbitə buraxıldıqdan sonra robot kosmosun genişliyində teleskopu tapmalı, daha sonra onun ətrafında manevr edərək üç hərəkətli qol vasitəsilə teleskopdan yapışmalı idi. Bundan sonra robot teleskopu ən azı bir ay ərzində təxminən 300 kilometr daha yüksək orbitə qaldırmalı və onu təxminən ilkin orbitinin səviyyəsinə çıxarmalı idi.
NASA qeyd edirdi ki, bütün bu manevrlər indiyədək kosmosda heç vaxt həyata keçirilməyib.
Missiyanın uğursuzluğu ilə bağlı NASA rəhbəri Jared Ayzekman agentliyin açıqlamasında deyib: “Bu, əldə etmək istədiyimiz nəticə deyil, lakin bu missiyanın həyata keçirilməyə layiq olmasının səbəblərini şübhə altına almır.” O, baş verənlərdən “maksimum nəticə çıxaracaqlarına” söz verib.
