Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı Yay Düşərgəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2026 17:45 (UTC +04:00)
Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı Yay Düşərgəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Qurcaani rayonunun Qaçreti qəsəbəsində “Gürcüstanlı gənclərin yeni tanışlıqları və xoş xatirələr” adlı Yay Düşərgəsi keçirilib.

Düşərgə komitənin dəstəyi və “Parlaq gələcək” Kitab Evinin təşkilatçılığı ilə baş tutub.

Düşərgənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri bir araya gətirmək, onların milli-mədəni dəyərlərlə daha yaxından tanış olmasına, dünyagörüşünün genişlənməsinə, yeni dostluq münasibətlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq olub.

Tədbir iştirakçıları əvvəlcə Tbilisidəki Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə əklil və gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində layihənin təşkilatçısı Rafail Süleymanov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Sabit Məmmədov, Elvin Əsgərov və Yor-Muğanlı İctimai Məktəbinin müəllimi Yekaterina Kaftuaşvili çıxış ediblər. Onlar layihənin gənclərin yeni bilik və bacarıqlar əldə etməsi, fərqli mədəniyyətləri yaxından tanıması, qarşılıqlı ünsiyyətinin genişlənməsi, milli-mənəvi dəyərlərə bağlılığının və milli kimlik, həmrəylik hissinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaspor siyasətinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi, ana dilinin, milli-mədəni irsin və adət-ənənələrin qorunub yaşadılması istiqamətində ardıcıl layihələr həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, bu cür yay düşərgələri və birgə təşəbbüslər gənclərin şəxsi inkişafına töhfə verməklə yanaşı, Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq münasibətlərinin, qarşılıqlı hörmət və anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.

Üç gün davam edən düşərgə ərzində azərbaycanlı və gürcü gənclər arasında yaranan səmimi ab-hava xalqlarımızın tarixi dostluq və mehriban qonşuluq ənənələrinin gənc nəsildə uğurla yaşadıldığını bir daha nümayiş etdirib. İştirakçılar müxtəlif komanda oyunlarında, yaradıcılıq emalatxanalarında və sosial fəaliyyətlərdə birlikdə qatılıb, qarşılıqlı dəstək və əməkdaşlıq nümunəsi göstəriblər.

Mədəniyyət axşamlarında gənclər Azərbaycan və Gürcüstan folklorundan nümunələr təqdim edib, milli rəqslərini, adət-ənənələrini və ortaq tarixi-mədəni dəyərlərini bir-birləri ilə bölüşüblər. Düşərgə ərzində formalaşan səmimi ünsiyyət, qarşılıqlı etimad və dostluq mühiti iştirakçıları ortaq dəyərlər ətrafında birləşdirib. Birgə müzakirələr və komanda fəaliyyəti bir daha göstərib ki, Azərbaycan və Gürcüstan gənclərini birləşdirən bağlar yalnız ortaq tarixə deyil, həm də gələcəyə hesablanmış möhkəm dostluq və əməkdaşlığa əsaslanır.

Düşərgənin bağlanış mərasimində layihə çərçivəsində fəallıq göstərən bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Yay düşərgəsini uğurla başa vuran gənclər tədbirdən zəngin təəssüratlar, yeni bilik və bacarıqlar, eləcə də uzun illər davam edəcək dostluq münasibətləri qazanaraq ayrılıblar.

Xəbər lenti

Xəbər lenti