Bakı. Trend:
Özbəkistan və Azərbaycan qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlığı, həmçinin ticarət-iqtisadi, investisiya və sənaye əməkdaşlığının genişləndirilməsini müzakirə edib.
Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələr Daşkənddə keçirilən siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində aparılıb. Danışıqlar avqustun 19-da iki ölkənin xarici işlər nazirinin müavinləri Bobur Usmanov və Samir Şərifov səviyyəsində keçirilib.
Tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda Özbəkistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin siyasi dialoqun möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Xüsusi diqqət qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlığa, ticarət-iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə, həmçinin nəqliyyat, logistika, energetika və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin inkişafına yönəldilib.
Tərəflər praktiki əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıblar.
“Sənaye sahəsində yeni birgə layihələrin təşviqinin və ikitərəfli ticarətin həcminin daha da artırılması üçün mövcud potensialdan maksimum istifadə edilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilib.
Bundan əlavə, məsləhətləşmələrdə iştirak edənlər səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəmin aktual məsələləri barədə də fikir mübadiləsi aparılıb.
