Bakı. Trend:
Amazon dronla çatdırılma xidmətinin 2026-cı ilin sonunadək ABŞ-nin yüzlərlə şəhər və yaşayış məntəqəsinə genişləndiriləcəyini açıqlayıb. Hazırda fəaliyyət göstərdiyi 11 məntəqədən bir neçə ətraf yaşayış məntəqəsinə dronla çatdırılma xidməti göstərən şirkət bununla təxminən 500 yaşayış məntəqəsinə çatdırılma həyata keçirməyi planlaşdırır.
Amazonun təsisçisi Ceff Bezos 2013-cü ildə ilk kuryer dronlarının prototiplərini təqdim etmişdi. Əvvəlcə "octocopter", daha sonra isə "Prime Air" adlandırılan bu dronlardan 13 il sonra şirkət artıq Nebraska ştatının Papiyon və Florida ştatının Ruskin şəhərləri də daxil olmaqla 11 məntəqədən çatdırılma həyata keçirir.
Amazon indi digər yerlərlə yanaşı, Nyu-York ştatının Sirakuz şəhərində, eləcə də Ohayo ştatında Klivlend yaxınlığında fəaliyyətə başlamağa çalışır. Bir çatdırılma mərkəzi təxminən 12 kilometr radiusda yerləşən bir neçə şəhərə xidmət göstərə bilər.
"Prime Air"in ilk modelləri bağlamaları çatdırmaq üçün yerə enirdi. Hazırkı MK30 modeli isə bir neçə metr hündürlükdə havada asılı vəziyyətdə olarkən bağlamaları aşağı atır.
Dronla çatdırılmanın qiyməti 4,99 dollar, Prime üzvləri üçün isə 2 dollar daha ucuzdur. 50 dollar və daha çox məbləğdə sifarişlər üçün xidmət pulsuzdur.
Amazon bildirir ki, artıq ABŞ Federal Aviasiya Administrasiyasından əksər nəzərdə tutulan bölgələrdə dronlarını uçurtmaq üçün icazə alıb.
