Bakıya gələn dünya: Carole Feuerman nümunəsi

Siyasət Materials 18 Avqust 2026 19:15 (UTC +04:00)
Bakıya gələn dünya: Carole Feuerman nümunəsi

Bakı. Trend:

Bəzən bir sərgi yalnız sənət əsərlərinin nümayişi olmur. O sərgi həm də bir şəhərin dünya mədəniyyət xəritəsində tutduğu yeri göstərir. Carole Feuermanın Heydər Əliyev Mərkəzində keçirilən “Reborn into the Water” sərgisi də məhz belə nümunələrdəndir.

Amerikalı heykəltəraş Carole Feuerman hiperrealist heykəltəraşlığın ən tanınmış nümayəndələrindən biridir. Onun əsərlərində insan bədəni o qədər real təsvir olunur ki, tamaşaçı ilə heykəl arasındakı sərhəd demək olar ki, itir. Xüsusilə üzgüçü obrazları ilə tanınan Feuerman üçün su yalnız estetik detal deyil; o, yenilənmənin, dözümlülüyün və həyatın simvoludur.

Hiperrealizm müasir incəsənətdə reallıq anlayışına yeni münasibət gətirdi. Fotoqrafiyanın insanı olduğu kimi əks etdirə bildiyi bir dövrdə heykəltəraşlıq bunu başqa material və duyğu ilə yenidən yaratdı. Feuermanın yaradıcılığı da bu baxımdan yalnız texniki mükəmməllik deyil, insanın daxili dünyasını real bədən üzərindən ifadə etmək cəhdidir.
Bu sərgini Azərbaycan üçün xüsusilə əhəmiyyətli edən isə təkcə Feuermanın Bakıda olması deyil. Onun “Ruth” adlı əsəri ilk dəfə məhz Bakıda ictimaiyyətə təqdim olunur. Beləliklə, Bakı sadəcə dünya şöhrətli sənətçinin əsərlərinə ev sahibliyi edən şəhər deyil, həmin əsərin beynəlxalq nümayiş tarixinin bir hissəsinə çevrilir.

Feuermanın əsərləri beynəlxalq sənət bazarında yüksək qiymətlərlə alınıb-satılır. Onun hərrac rekordlarından biri “Bibi on the Ball” əsərinin 118 750 dollara satılmasıdır. “Ruth”un gələcək bazar dəyərini isə indidən dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin sənət dünyasında əsərin sərgi tarixçəsi, nümayiş olunduğu mühüm məkanlar və onun sənətçinin yaradıcılığındakı mövqeyi gələcək dəyərə təsir edən amillərdəndir. Bu baxımdan “Ruth”un Bakıdakı ilk təqdimatı ayrıca maraq doğurur.

Əslində, burada söhbət yalnız Carole Feuerman və bir heykəldən getmir. Son illərdə Heydər Əliyev Mərkəzinin müxtəlif ölkələrdən dünya səviyyəli sənətçiləri Azərbaycana gətirməsi daha böyük bir prosesin göstəricisidir. Azərbaycan dünya müasir incəsənətini yalnız uzaqdan izləyən tamaşaçı mövqeyində qalmır; onu öz mədəni məkanında təqdim edir, yerli tamaşaçını qlobal sənət prosesləri ilə birbaşa görüşdürür.

Bakıya gələn dünya, əslində, Bakını da dünya incəsənətinin bir parçasına çevirir. Və bəlkə də bu sərginin ən böyük əhəmiyyəti məhz budur: Carole Feuermanın heykəlləri Bakıda nümayiş etdirilmir, Bakı həmin əsərlərin hekayəsinə daxil olur.

İbrahim Zahidli, politoloq Geneva "EU Business Scool” məzunu

Xəbər lenti

Xəbər lenti