Bakı. Trend:
Myanmanın Yanqon şəhərində ağır ishal səbəbilə ümumilikdə 500 nəfər xəstəxanaya yerləşdirilib və onların təxminən 150-də vəba testi müsbət nəticə verib.
Bu barədə bazar ertəsi Yanqon regionunun sosial məsələlər naziri Bo Htay Yanqon regionunun parlamentində çıxış edərkən məlumat verib.
Nazirin sözlərinə görə avqustun 9-dan etibarən vəbanın əsas simptomu olan ishal səbəbilə 500 nəfər xəstəxanaya yerləşdirilib.
Vəbanın müəyyənləşdirilməsi üçün aparılan sürətli testlər 149 nəfərdə müsbət nəticə verib. Yanqon ölkənin ən böyük şəhərinin yerləşdiyi regiondur.
Vəba vibrionla çirklənmiş qida və ya suyun qəbul edilməsi nəticəsində yaranan kəskin ishal xəstəliyidir. Xüsusilə rehidratasiya yolu ilə, ağır hallarda isə antibiotiklərlə asanlıqla müalicə oluna bilsə də, müalicə edilmədikdə xəstə bir neçə saat ərzində həyatını itirə bilər.
İshal səbəbilə xəstəxanaya yerləşdirilən 92 yaşlı xəstə dünyasını dəyişib. Lakin "Global New Light of Myanmar" qəzeti bazar günü rəsmilərə istinadən bildirib ki, həmin şəxs əvvəldən mövcud olan ürək və ağciyər xəstəlikləri səbəbindən həyatını itirib.
Səhiyyə işçilərinin "zərər çəkmiş ərazilərdə epidemioloji monitorinq və epidemiyaya qarşı mübarizə tədbirləri" həyata keçirdikləri bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı vəbanı "qlobal ictimai səhiyyə üçün təhlükə", həmçinin "bərabərsizliyin və iqtisadi və sosial inkişafın çatışmazlığının göstəricisi" kimi xarakterizə edir.
Myanmada beş ildən artıqdır davam edən və 100 mindən çox insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsindən sonra ölkənin infrastrukturu və səhiyyə sistemi ciddi zərər görüb.
