Bakı. Trend:
Yunanıstanın Sifnos adasında bazar ertəsi axşam saatlarında helikopterin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
Bu barədə Yunanıstanın yanğınsöndürmə xidməti məlumat yayıb.
Sifnos adasında Panagia Vrisis monastırı yaxınlığında, seyrək məskunlaşmış ərazidə helikopterin qəzaya uğramasından sonra həyəcan siqnalı elan edilib.
"I Kathimerini" qəzetinin yazdığına görə, Bell markalı şəxsi helikopter yaxınlıqdakı helikopter meydançasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Tolos rayonunda qəzaya uğrayıb. Helikopter qəzaya uğradıqdan sonra yanğın baş verib. İlkin məlumata görə, helikopterdə üç nəfər – pilot və bir ailə cütlüyü olub. Helikopterdə olanların hamısı həlak olub.
Yerli hakimiyyət orqanları yunan pilotun və əcnəbi sərnişinlərin şəxsiyyətini artıq müəyyənləşdirib.
Məlumata görə, helikopter icarəyə götürülmüşdü, onun pilotu isə "Bellavia Aviation Services" şirkətində cəmi iki ay əvvəl işə başlamışdı.
Qəzanın başvermə səbəbləri hələ açıqlanmayıb.
Xatırladaq ki, avqustun əvvəlində Afinanın qərbində baş vermiş güclü meşə yanğınının söndürülməsinə cəlb edilən iki helikopter havada toqquşmuş, nəticədə ekipajın iki üzvü həyatını itirmişdi.