Moldova ərazisinə Rusiya raketi düşüb

Dünya xəbərləri Materials 18 Avqust 2026 01:48 (UTC +04:00)
Moldova ərazisinə Rusiya raketi düşüb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova ərazisinə Rusiyaya məxsus S-8000 “Banderol” raketi düşüb.

Bu barədə Ukrayna və Moldova hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, raket bazar ertəsi Odessa vilayəti üzərindən keçdikdən sonra Moldova hava məkanına daxil olub. Daha sonra ölkənin cənub-şərqində partlayış qeydə alınıb.

Moldova ordusu Kuçurqan və Tiraspol arasında hərəkət edən hava obyektini aşkar etdiyini təsdiqləyib. Hadisə ilə əlaqədar ölkənin mərkəzi hissəsinin hava məkanı təxminən 15 dəqiqə müddətinə müvəqqəti bağlanıb.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri bir neçə “Banderol”un Odessa və Çornomorsk istiqamətində hərəkət etdiyini bildirmiş, daha sonra onlardan birinin Moldova sərhədini keçdiyini açıqlamışdı.

“Banderol” və ya S-8000 Rusiyaya məxsus reaktiv uçuş aparatıdır və həm pilotsuz uçuş aparatı, həm də qanadlı raket xüsusiyyətlərini özündə birləşdirir. O, təxminən saatda 500 kilometr sürət yığa və 500 kilometrədək məsafə qət edə bilir.

Moldova Prezidenti Maya Sandu bəyan edib ki, Rusiyaya məxsus bəzi dronlar təsadüfən ölkəsinin hava məkanına daxil olsa da, digərləri qəsdən göndərilir.

O, bu barədə Moldova dövlət televiziyasına müsahibəsində danışıb.

“Məncə, bəzi dronlar təsadüfən gəlir, digərləri isə qəsdən göndərilir”, – deyən Sandu oxşar hadisələrin Rumıniya və Polşada da qeydə alındığını xatırladıb.

O vurğulayıb ki, “hər iki halda bu dronlar ölkəmizin hava məkanını pozur” və “əhali üçün təhlükə yaradır”. Sandu bu insidentlərə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

Kişinyova təyin olunmuş Rusiyanın səfiri Oleq Ozerovun ölkədən çıxarılması ehtimalına münasibət bildirən prezident belə bir addımın Moskvanı çəkindirməyəcəyini deyib.

“Düşünürsünüz ki, bu, Rusiyanın hərəkətlərini davam etdirməsinə mane olacaq? Mən belə hesab etmirəm”, – deyə o bildirib.

Sandunun sözlərinə görə, Moskvaya ünvanlanan diplomatik etirazlar da Rusiyanın siyasətini dəyişməyib. O hesab edir ki, bu cür hava məkanı pozuntularının qarşısını almağın ən təsirli yolu Ukraynaya dəstəyin artırılmasıdır.

“Təsir göstərə biləcək tədbir Ukraynaya daha çox yardım göstərilməsidir”, – deyə Moldova Prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti