Bakı. Trend:
Azərbaycan uzun illərdir, müxtəlif siyasi və informasiya təzyiqləri ilə üzləşsə də, hər dəfə öz dövlətçilik iradəsini və suverenliyini qorumaq əzmini nümayiş etdirib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, son günlər Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər artıq adi siyasi polemika və ya jurnalist mövqeyi çərçivəsində qiymətləndirilə bilməz.
“Əgər söhbət dövlətin suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı zorakılıq çağırışlarından gedirsə, burada söz azadlığı ilə məsuliyyətsiz təxribat arasında sərhəd çoxdan keçilib”, - deyə V.İskəndərov vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan Baş Prokurorluğunun açıqladığı faktlar məsələnin yalnız sərt ritorikadan ibarət olmadığını göstərir. Belə ki, Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayevin müxtəlif tarixlərdə yayımlanan verilişlərdə Azərbaycana qarşı zorakı üsulların tətbiqi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması, həmçinin terrorçuluğa açıq çağırışlarla bağlı çıxışlarına dair əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar həmin şəxslər Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışla bağlı tədbirlər görülüb.
“Burada daha böyük siyasi problem də var. Bir dövlətin media məkanında başqa bir dövlətin rəhbərliyinə, xalqına və dövlətçiliyinə qarşı fiziki zorakılıq çağırışlarının səsləndirilməsi və bunun müxtəlif platformalarda təkrar-təkrar davam etdirilməsi təsadüfi hadisələr məcmusu təsiri bağışlamır”, - deyə deputat qeyd edib.

V.İskəndərov diqqətə çatdırıb ki, xüsusilə Azərbaycan tərəfinin bu kimi halların yolverilməzliyini dəfələrlə qarşı tərəfin diqqətinə çatdırmasından sonra ritorikanın daha da sərtləşməsi ciddi suallar doğurur.
Deputat qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfirini çağıraraq etirazını bildirməsi tamamilə haqlı və zəruri addımdır. Onun sözlərinə görə, Rusiya informasiya məkanında Azərbaycan haqqında təhqiramiz, təhdid və zorakılıq məzmunlu fikirlərin müxtəlif platformalarda yayılması, eləcə də Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəyə çıxarılması qəbuledilməzdir.
“Azərbaycan XİN-in bu məsələləri açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırması dövlətimizin öz suverenliyinə münasibətdə prinsipial mövqeyinin göstəricisidir”, - deyə V.İskəndərov bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin mövcudluğu heç bir halda Azərbaycan dövlətinə qarşı belə ritorikanı legitimləşdirə bilməz.
“Dostluq və qonşuluq münasibətləri qarşılıqlı hörmət, suverenliyə müdaxilə etməmək və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmalıdır. Bu prinsiplər pozulduqda susmaq münasibətlərin qorunmasına deyil, problemin daha da dərinləşməsinə xidmət edir”, - deyə deputat əlavə edib.
V.İskəndərovun sözlərinə görə, Azərbaycan öz mövqeyini həm siyasi, həm diplomatik, həm də hüquqi müstəvidə ortaya qoyur və bu, dövlətin öz suverenliyinə nə qədər ciddi yanaşdığının göstəricisidir.
“Azərbaycan dövlətinə qarşı təhdid və zorakılıq ritorikasına siyasi və hüquqi qiymət verilməlidir. Heç bir media platforması, heç bir “ekspert” statusu və heç bir siyasi mövqe başqa dövlətin ərazi bütövlüyünə və konstitusiya quruluşuna qarşı zorakılığa çağırış üçün toxunulmazlıq yaratmır”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycan münasibətlərin normal inkişafında maraqlıdır, lakin bunun əsas şərtlərindən biri qarşılıqlı hörmət və Azərbaycanın suveren hüquqlarına qeyd-şərtsiz münasibətdir.
“Azərbaycanın mövqeyi aydındır: dövlətimizə qarşı təhdid və zorakılıq ritorikasına siyasi və hüquqi qiymət verilməlidir. Belə hallara qarşı Azərbaycan dövlətinin qətiyyətli mövqe nümayiş etdirməsi tamamilə təbiidir və belə də davam etməlidir”, - deyə V.İskəndərov əlavə edib.
