Bakı.Trend:
Tehran və Vaşinqton arasında iyunun 17-də imzalanmış memorandumdan sonra müəyyən edilmiş 60 günlük müddət artıq aktual deyil.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, ABŞ sənəd imzalandıqdan bir neçə həftə sonra razılaşmanı pozub.
“Anlaşma memorandumunda 60 günlük müddətlə bağlı heç bir müddəa yoxdur və İran İslam Respublikası siyasətini heç vaxt təzyiq, ultimatum və ya vaxt məhdudiyyətləri əsasında formalaşdırmır”, – deyə İsmayıl Bəqai bildirib.
O qeyd edib ki, memorandum iki məsələ – “sanksiyaların aradan qaldırılması” və “nüvə məsələsi” üzrə danışıqların 60 gün ərzində aparılmasını nəzərdə tuturdu. Bəqainin sözlərinə görə, razılıq əldə olunmadığı təqdirdə bu müddət uzadıla bilərdi.
“ABŞ-nin memorandum imzalandıqdan cəmi bir neçə həftə sonra onu kobud və genişmiqyaslı şəkildə pozması səbəbindən heç bir danışığa başlanılmadı”, – deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
