Dəniz daşımaları rekord səviyyədə bahalaşıb - FT

Dünya xəbərləri Materials 17 Avqust 2026 12:07 (UTC +04:00)
Dəniz daşımaları rekord səviyyədə bahalaşıb - FT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Münaqişələr və iqlim dəyişiklikləri Panama kanalı, Reyn çayı, Qırmızı və Qara dənizlər də daxil olmaqla, əsas marşrutlarda dəniz və çay daşımalarının qiymətinin kəskin artmasına səbəb olub.

Bu barədə “Financial Times” (FT) qəzeti analitiklərə istinadən məlumat yayıb.

“Argus”un məlumatına görə, münaqişələrin, xüsusilə Hörmüz boğazının faktiki olaraq gəmiçilik üçün iflic olması, eləcə də Avropa və Latın Amerikasında uzunmüddətli quraqlıqların təsiri əsas marşrutlarda tariflərin rekord həddə yüksəlməsinə səbəb olub. Bunlara Panama kanalı, Reyn çayı, Qırmızı və Qara dənizlər daxildir. Son iki marşrutda Aralıq dənizinə istiqamət alan tankerlər üçün fraxt tarifləri bu həftə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Fars körfəzindən Asiyaya neft daşınması üçün fraxt tarifləri ötən həftə bir barel üçün 15,22 dollara çatıb. Bu, “Argus”un tarifləri qiymətləndirməyə başladığı 2005-ci ildən bəri ən yüksək göstəricidir. Asiya ölkələrindən ABŞ-nin Şərq sahilindəki limanlara konteyner daşımaları üzrə orta spot fraxt tarifləri ötən illə müqayisədə 234% artaraq standart 40 futluq konteyner üçün 10,2 min dolları ötüb. Belə konteynerin uzunluğu 12,19 metr, eni 2,44 metr, hündürlüyü isə 2,59 metrdir.

Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun normadan yüksək səviyyəyə qalxması ilə xarakterizə olunan El-Nino təbiət hadisəsinin nəticələri Panama kanalında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub. FT yazır ki, bununla yanaşı, Hörmüz boğazındakı böhran səbəbindən tələbatın kəskin artması nəticəsində avqust ayında kanaldan keçid üçün gündəlik hərrac slotlarının orta qiyməti rekord həddə çataraq 1,1-2,5 milyon dollar təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti