Bakı. Trend:
Xaçmaz rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin komandiri Elvin Səlimov, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və sərhəd dəstəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbirdə çıxış edərək Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin sərhədçilərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində güclü sərhəd mühafizəsi infrastrukturuna və peşəkar kadrlara malik, Vətənimizin quru və su sərhədlərini layiqincə qorumağa qadir qoşun formalaşıb. Sərhədçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələri üçün zəruri olan bütün imkanlar səfərbər edilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin komandiri Elvin Səlimov çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O, şəxsi heyətin dövlətimizin sərhədlərinin etibarlı qorunması, eləcə də qarşıya qoyulan hər bir döyüş və xidməti tapşırığın məsuliyyətlə yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər qonaqlar da Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik ediblər. Onlar Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi bütövlüyünün qorunmasındakı müstəsna xidmətlərini xüsusi vurğulayıblar.
Sonda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
